"TikTok"da çirkli pullar necə yuyulur? - EKSPERT İZAH ETDİ

25 Dekabr 2024 10:58 (UTC+04:00)

"Hansısa kriptovalyutalar üzərindən illeqal yollarla əldə edilmiş, banklarda dondurulmuş hesablardan oğurlanmış, vergidən və dövlət qurumlarının nəzarətindən yayınmaq üçün müxtəlif nağdləşdirmə yolu ilə əldə edilən pullar çirkli pullar sayılır". Bu sözləri SİA-ya açıqlamasında İnformasiya Texnologiyaları Elmləri üzrə ekspert Fərrux Rəcəbli deyib.

Onun sözlərinə görə, çirkli pulları istifadə edə bilmək üçün onlar təmizlənməlidir: "Təmizlənməyin yolları isə çoxdur. Bu gün dövlət qurumları tərəfindən məsələyə o qədər ciddi nəzarət var və araşdırılır. Buna görə də çirkli pulları əvvəlki kimi rahat təmizləmək mümkün deyil. Bunu təmizləyən insanlar diqqət çəkməyən və daha sadə üsul axtarırlar. Bunun üçün də ən sadə üsul sosial şəbəkələr, əsas da "TikTok"dur.

Bəs, "TikTok" üzərindən çirkli pullar necə təmizlənir? Çirkli pula sahib olan insanlar "TikTok"da kəşfiyyata çıxırlar və orada daha çox gündəmdə olan, diqqət çəkən bloggerləri, canlı yayımları, şouları araşdırıb tapır və onlarla ünsiyyətə keçirlər. Onlara iş kimi təklif edirlər ki, biz sənin təşkil etdiyin canlı yayımlara, oyunlara və şoulara qatılıb sənə dəstək verəcəyik, sənə dəstək məqsədilə göstərdiyimiz hədiyyələri nəğdləşdirəcəksən. Onların aralarında razılaşdırdıqları faiz yolu ilə pul bölünür. Bu yolla da pulu təmizləmiş olurlar. Burada itki də böyük olur. Çünki pulun 60 faizini "TikTok" özü götürür.

90 faiz hallarda həmin şəxslərə bu pulun çirkli olduğu da deyilmir. Bəzən bundan xəbərdar olaraq edənlər də var. Bu gün bir canlı yayımlar və şourlar təşkil olunur ki, burada gələn bakiyənin məbləği həddindən artıq yüksək olur. Canlı yayımlara dayanmadan, ard-arda nə qədər hədiyyələr göndərilir. İnsan düşünür ki, nə qədər pula sahib olmalısan ki, bu qədər hədiyyə göndərəsən. Bunlar hamısı çirkli pullardır. Çünki heçkim qazancının belə böyük məbləğini kiməsə hədiyyə etməz. Sadəcə "TikTok" üzərindən pulları təmizləyirlər.

Düzdür, bunun başqa yolları da var. Amma nəzarət güclü olduğu üçün bunu edə bilmirlər. Yəni, bu pul nağdlaşdırılsa, onunla alqı-satqı edilsə, kiminsə hesabına köçürülsə avtomatik olaraq bu başa düşülür. Yəni, sistemdə radara düşür və bununla bağlı tədbir görülür. Amma "TikTok" da bu cəlb etmir. Yəni, hamı kənardan baxır və deyir ki, kimin pulu varsa, dəstək olur. Söhbət böyük dəstəklərdən gedir. Elə fenomen var ki, onun açdığı canlı yayımdna əldə etdiyi pul normal əməkhaqqı alan bir insanın bir illik maaşına bərabərdir".

Ayşən Vəli