"Dölün tələf olma səbəbləri hədsiz çoxdur. Hətta bəzən heç bir səbəb belə tapa bilmirik". Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.
Ləman Əliyeva sözlərinə belə davam edib: "Yəni səbəbsiz yerə olan düşüklərin sayı da az deyil. Bəzən də çox fərqli səbəblərdən baş verir. Məsələn, progesteron hormonu hamiləliyi möhkəmləndirir və bunun çatışmazlığı düşüyə səbəb olur. Daha bir səbəb isə laxtalanmadır. Laxtalanmadan sonra gec müraciət edilir və yoxladığımız zaman qanın laxtalanma sistemində problem olduğu aşkara çıxarılır".
Ləman Əliyeva sözlərinə belə davam edib: "Digər bir səbəb uşaqlıq boynunun çatışmazlığıdır. Uşaqlığın ağzını tutan və uşaqlıq boynu dediyimiz 4 sm-lik, 38 mm-lik bir hissə var ki, bu hissənin vaxtından tez qısalması, qısa olması və açılması düşüyə səbəb olur. Bunun bir çox səbəbləri var. Məsələn, hər hansı bir infeksiya səbəbindən uşaqlıq boynu açıla bilir. Bu zaman da düşük yaranır. Həmçinin, genetik problemlər də var. Ata ilə ananın qanının uyğun gəlməməsi də düşüyə səbəb olur. İrsi düşüklər də buna təsir edə bilər. Eyni zamanda hər şey normada olsa da düşük baş verə bilər ki, buna da səbəbsiz düşüklər deyilir".
Ayşən Vəli