Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında IV Azərbaycan Vokalçıları Festivalının bağlanış mərasimi keçirilib.
SİA xəbər verir ki, tədbirdə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı vokal janrında söz və musiqinin vəhdətindən söhbət açıb. Bildirib ki, Qərb, rus və Azərbaycan vokal musiqi ənənələrini davam etdirən ifaçılar sənətə öz töhfələrini verirlər. O, yeni vokal ifaçıların tanınmasında festivalın vacib rol oynayacağına ümid edib. Gecədə dirijor, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xoru musiqi nömrələri ilə çıxış edib.
Əməkdar artist Ramil Qasımov və xor kollektivi Siyavuş Kəriminin “Nəsimi operasından Nəsiminin ariyasını və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xor kollektivi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Çənlibel”i səsləndiriblər. IV Azərbaycan Vokalçıları Festivalı Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Bülbül Vokal Məktəbinin təşkilatçılığı ilə reallaşıb.