Son 15 gündə Türkiyədən 25 mindən çox suriyalı ölkəsinə qayıdıb

24 Dekabr 2024 22:14 (UTC+04:00)

“Təkcə son 15 gün ərzində Türkiyədən 25 mindən çox suriyalı qaçqın öz ölkəsinə könüllü qayıdıb”. SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya “Anadolu” agentliyi redaktorlarının dəyirmi masasında çıxışı zamanı bildirib.

Türkiyəli nazirin sözlərinə görə, Bəşər Əsəd Suriyadan qaçdıqdan sonra insanlar öz vətənlərinə daha fəal şəkildə qayıtmağa başlayıblar. Həm də qayıdış templəri 6-8 dəfə artıb. “Ümumilikdə, 2017-ci ilin əvvəlindən Suriyada hakimiyyət dəyişikliyinin baş verdiyi 2024-cü il dekabrın 8-dək Türkiyədən 763 mindən çox suriyalı ölkəsinə qayıdıb”, - deyə Türkiyə DİN rəhbəri bildirib.

Ə.Yerlikaya qeyd edib ki, bu gün Türkiyədə qanuni olaraq yaşayan 4 milyon 164 min əcnəbidən 2 milyon 920 mini Suriyadan olan qaçqındır. Üstəlik, Türkiyədəki suriyalı qaçqınların ümumi sayının təxminən 30 faizi ölkəyə gəldikdən sonra doğulan uşaqlardır.

Nazir qeyd edib ki, suriyalıların ölkələrinə qaytarılması prosesi altı sərhəd-keçid məntəqəsi vasitəsilə həyata keçirilir.

“Hazırda geri qayıdanların yarıdan çoxu Hələb vilayətindəndir. İnsanların köməyə ehtiyacı var. Türkiyə Suriyanın yenidən qurulmasına dəstək olmaq və insanların öz evlərinə layiqli şəkildə qayıtmasını təmin etmək üçün bütün mümkün addımları atacaq”, - deyə Yerlikaya əmin edib.