Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində cari ilin ötən dövründə görülən işlər və qarşıda duran vəzifələrin icrasına həsr olunan növbəti hesabat iclası keçirilib. Agentlikdən SİA-ya bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevin tapşırıq və sərəncamları əsasında respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələrin həyata keçirildiyini vurğulayıb. Belə ki, agentlik tərəfindən 107,3 min əhalinin yaşadığı 71 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 252 kilometr olan 12 kəndlərarası avtomobil yollarının yenidən qurulması başa çatdırılıb. Bakı şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) keçirilməsi ilə əlaqədar paytaxtımızın ilk növbədə təmiri tələb olunan 10 kilometr uzunluğa malik 8 Noyabr prospekti də daxil olmaqla, 31 ünvanda əsaslı təmiri işləri aparılıb. Ümumilikdə, cari ilin ötən dövründə ölkə ərazisində 382,7 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr yenidən qurulub və təmir olunub.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən layihələrin sayı 44-dür. Bunlardan 6 avtomobil yolunun tikintisi işləri ötən illərdə başa çatdırılıb. Tikintisi davam edən 38 layihənin isə 2025-2026-cı illərdə başa çatdırılması nəzərdə tutulub. Bundan başqa, agentlik tərəfindən 6 şəhərin (Şuşa, Füzulu, Qubadlı, Zəngilan, Kəlbəcər və Cəbrayıl) daxili yollarının, həmçinin 7 kəndə gedən avtomobil yollarının tikintisi davam etdirilib.
Sonda Bakı şəhərində agentliyin xidmət etdiyi küçə və prospektlərdə, həmçinin respublikanın avtomobil yollarında, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən yollarda qarlı və şaxtalı hava şəraitinin avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər hansı problemi aradan qaldırmaq məqsədilə maşın-mexanizm və texnikaların hazır vəziyyətə gətirildiyi, tələb olunan miqdarda qum və texniki duz ehtiyatı toplandığı vurğulanıb. Həmçinin diqqətə çatdırılıb ki, avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə avtomobil yollarının, prospekt və küçələrin qar və buzdan təmizlənməsi işlərində birgə fəaliyyətin əlaqələndirilməsi, fövqəladə vəziyyətlərdə (qar, buzlaşma, sel, daşqınlar, torpaq sürüşmələri və s.) görüləcək işlərin vaxtında, çevik və operativ şəkildə idarə edilməsi üçün operativ işçi qrup yaradılıb.