Məlumdur ki, Azərbaycanda minimum əməkhaqqı və pensiya artırılır. Bu, Prezident İlham Əliyevin "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncam imzalaması ilə mümkün olub. Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Nazirlər Kabinetinə əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Prezidentə təqdim etmək, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Prezidentə təqdim etmək tapşırılıb.
Amma bunu da qeyd etmək lazımdır ki bəzi müəssisələr qanunsuzluq edərək işçilərə minimum əmək haqqından az maaş verir. Onlara qarşı hansı tədbir görülməlidir? Qanunla onlar necə cəzalandırılmalıdır?
SİA mövzu ilə bağlı Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərovun fikirlərini öyrənib.
Onun sözlərinə görə, minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir: “Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Kollektiv müqavilələrdə, sazişlərdə qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqından daha yüksək məbləğ nəzərdə tutula bilər”.
Fariz Əkbərov sözlərinə belə davam edib: “Cənab Prezident İlham Əliyevin "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.
Nazirlər Kabinetinə əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Prezidentə təqdim etmək tapşırılıb.
İşçiyə minimum əməkhaqqından aşağı məbləğin verilməsi və müqavilədə qeyd olunması qadağandır. Bu hallara yol verən işəgötürənləri İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən 1000-1500 manat məbləğində inzibati məsuliyyət tədbiri gözləyir”.
Qeyd etmək lazımdır ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə AR İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsinə əsasən - vəzifəli şəxslər 700 manatdan 1 500 manatadək məbləğdə cərimə edilir”.
Ayşən Vəli