““Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə geniş və əhatəli müsahibə verən cənab Prezident İlham Əliyev Azərbaycan və Türkiyə münasibətləri fonunda əhəmiyyətli fikirlər səsləndirdi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.
Onun sözlərinə görə, Agentliyin baş direktoru Dmitri Kselyovun Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı? sualına dövlət rəhbərimiz "xeyr, qısa desək, lazım deyil" cavabını verməklə hər kəsə ölkəmizin bu istiqamətdə mövqeyini açıq şəkildə bildirdi: “Çünki zamanla Azərbaycanda Türkiyə və İsrailin hərbi bazalarının olması ilə bağlı müxtəlif əsasız fikirlər eşidirik. Xususilə cənub qonşumuz İran tərəfindən bu iddialar daha geniş şəkildə təbliğ edilir. Cənab Prezident İlham Əliyev Türkiyə fonunda buna yoxa deməklə əslində digər iddiaları da təkzib etdi.
Azərbaycanda Türkiyənin hərbi bazaları olmasa da, rəsmi Bakı və Ankara arasında hərbi əlaqələr köklü tarixə malikdir. İki ölkənin strateji müttəfiqlik və əməkdaşlıq əlaqələri mütəmadi olaraq inkişaf edir. 15 iyun 2021-ci ildə ölkələrimiz arasında imzalanan Şuşa bəyannaməsi tarixdə bənzərinə çox az rast gəlinən müttəfiqlik sazişdir”.
Günay Ağamalı sözlərinə belə davam edib: “Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılması və komplektləşdirilməsi Türkiyə ordusu modelinə uyğun həyata keçirilir. Hər il keçirilən çox saylı birgə hərbi təlimlər orduların döyüş qabiliyyətini artırmaq, təcrübə mübadiləsi aparmaq və əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Türkiyə və Azərbaycan Cənubi Qafqazda regional təhlükəsizliyin qorunmasında həmfikirdirlər. Bu əlaqələr yalnız hərbi aspektlərlə məhdudlaşmır. Paralel olaraq siyasi, iqtisadi və mədəni əlaqələr də yüksələn xətlə inkişaf edir. Cənab Prezident İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında qardaşlığımızın daha da möhkəmləndirilməsi yönündə mütəmadi dialoq aparırlar”.
Ayşən Vəli