Qazaxıstanda yeni tranzit dəhlizi yaradılacaq

24 Dekabr 2024 02:37 (UTC+04:00)

Qazaxıstan Nəqliyyat Nazirliyi Çin və Rusiya arasında İrtış çayı üzərindən yeni tranzit dəhlizi yaratmağı planlaşdırır. SİA Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, bu barədə nəqliyyat naziri Marat Karabayev məlumat verib.

Onun sözlərinə görə, Şərqi Qazaxıstan vilayətinin Tuqıl kəndində çay limanı tikiləcək.

“Layihəy əsasən Çin və Rusiya arasında Qazaxıstan ərazisindən keçməklə İrtış və daha sonra Ob çayı vasitəsilə Şimal dənizlərinə çıxışı olan yeni multimodal tranzit dəhlizi təşkil edəcək”, - deyə o, qeyd edib.

M. Karabayev əlavə edib ki, layihə yeni başlayır, gələn ilin mayında isə üç ölkənin nəqliyyat nazirləri danışıqlar aparacaqlar. Daşımanın proqnozlaşdırılan həcmi ildə 2,6 milyon ton təşkil edəcək.

“Layihə çərçivəsində Çinlə sərhəddə dördüncü dəmir yolu keçid məntəqəsinin açılması, Tuqıl yaşayış məntəqəsinə qədər 120 kilometr dəmir yolunun çəkilməsi və orada çay limanının tikintisi planlaşdırılır”, - deyə nazir yekunlaşdırıb.