"Bölgənin xəritəsini dəyişmək istəyən terrorçulara yer yoxdur"

23 Dekabr 2024 20:04 (UTC+04:00)

“Rəsmi Ankara inanır ki, Suriya Milli Ordusu ölkənin bütün ərazisinə nəzarəti bərpa edə biləcək”, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler Suriya ilə həmsərhəd Kilis vilayətində deyib. Onun sözlərinə görə, Suriyanın suverenliyi və bütövlüyünün təmin edilməsi Türkiyənin təhlükəsizliyi üçün də xüsusi əhəmiyyət kəsb edir.

SİA-nın məlumatına görə, Güler xatırladıb ki, 2011-ci ildən bəri Türkiyənin sərhəd bölgələrinə onlarla raket və minaatan hücumu olub, nəticədə 600-dən çox Türkiyə vətəndaşı terrorçuların əlindən həlak olub, mindən çox insan yaralanıb.

Türkiyəli nazir Türkiyə Silahlı Qüvvələrinin DAEŞ (İŞİD) terrorçularına qarşı “Fərat qalxanı” əməliyyatına da toxunaraq deyib: “Türkiyə Silahlı Qüvvələri Suriyada İŞİD terrorçularına faktiki müqavimət göstərən dünyada yeganə ordudur. Silahlılarla mübarizədə 67 türk əsgəri şəhid olub.

Hal-hazırda Suriyada hakimiyyət dəyişikliyi fonunda qonşu ölkənin inkişafında yeni mərhələ başlayıb. Dekabrın 2-də Suriya Milli Ordusu Tall-Rıfat bölgəsini PKK-nın Suriya qanadı YPG, 9-unda isə Münbiçi terrorçularından təmizləyib. Biz inanırıq ki, terrorçularla mübarizə Suriyanın bütün ərazisi təmizlənənə qədər davam edəcək. Türkiyə də öz tərəfindən Suriya xalqını dəstəkləmək üçün tədbirlər görür.

Bölgədəki bütün aktyorları, eləcə də rəsmi Ankaranın müttəfiqlərini Türkiyənin Suriya problemlərinin həllində əsas oyunçu olduğu faktını etiraf etməyə çağırıram. Əməkdaşlıq etmək, Türkiyənin və Suriya yeni hakimiyyət orqanlarının uzunmüddətli sülhə doğru atılan addımlarını dəstəkləmək çox vacibdir.

Məqsədlərindən birinin bölgənin etnik xəritəsini dəyişdirmək olan terrorçulara Suriyanın gələcəyində yer yoxdur.

Biz terrorçu qrupların Türkiyə və Suriyanın təhlükəsizliyinə təhdid yaradan bütün hərəkətlərini diqqətlə izləyirik. Problemlərin qarşısını almaq üçün tədbirlər görürük. Rəsmi Ankara üçün prioritet Suriyanın ayrı-ayrı ərazilərinə nəzarət edən YPG terror təşkilatının tamamilə məhv edilməsidir”.