Şimali Koreyadan Rusiyaya göndərilən sursat dolu vaqonların sayının 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 3 dəfə artdığı iddia edilib.
SİA xəbər verir ki, “Wall Street Journal" qəzetinin xəbərinə görə, Şimali Koreya ilə Rusiya arasındakı sərhəd qapısında dəmir yolu trafikini göstərən peyk görüntüləri paylaşılıb. İki ölkə arasındakı dəmir yolu trafikinin artdığı qeyd edilən xəbərdə Pxenyandan Rusiyaya göndərilən sursat dolu vaqonların sayının Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putinin silah ticarətinə dair müzakirə apardıqları 2023-cü ilin sentyabrı ilə müqayisədə 3 dəfə artdığı bildirilib.
Xəbərdə rəsmi Pxenyan rəhbərliyinin əvvəlcə Rusiyaya köhnə sursatlar göndərdiyi, lakin indi daha yeni və modernləşdirilmiş sursatlar təmin etdiyi iddia olunub.
Cənubi Koreya rəsmiləri Şimaldakı təxminən 200 silah fabrikinin tam gücü ilə işlədiyini və Rusiyanın buradakı silah istehsalını dəstəkləmək üçün neft və avadanlıq yardımı etdiyini açıqlayıb.
Ukraynalı zabit Andriy Kovalenko WSJ-yə verdiyi müsahibəsində Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi top və minaatan mərmilərinin 60%-nin Şimali Koreyadan gəldiyini bildirib.
Amerikalı və cənubi koreyalı rəsmilər isə rəsmi Pxenyanın Rusiyaya "Hwasong-11" tipli ballistik raketlərin də daxil olduğu təxminən 20 min konteyner sursat göndərdiyini irəli sürüblər.