Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunun bağlanış mərasimi olub. SİA xəbər verir ki, mərasimdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov forum çərçivəsində keçirilən panel müzakirələrin moderatorları ilə yekun xarakterli söhbət aparıb.
"Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış" mövzusuna həsr edilmiş panelin moderatoru Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, din Azərbaycan üçün bir mədəniyyət hadisəsidir və tarixi ənənələri özündə ehtiva edir:
"Biz ənənəni davam etdirməliyik ki, dindarlarla dövlət arasında üçüncü qüvvənin mövcudluğu olmasın. Dinin dövlətlə yaratdığı hüdud təzadlara səbəb olur. Hazırda internet üzərindən bəzi dini manipulyasiyalar aparılır. Dinin doğru təbliğ olunmaması böyük uçurumlara gətirib çıxarır. Əfqanıstan, İran kimi ölkələrə nəzər salsaq, dinin doğru aşılanmamasının nələrə səbəb olduğunu görə bilərik. Ona görə də, bundan sonra Azərbaycanda dövlət-din məsələsinin yaxşılaşdırılması üçün əlimizdən gələni etməliyik".
"Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu” mövzusunda panelin moderatoru Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə vurğulayıb ki, din xadimləri içərisində qadınların sayının artması müsbət haldır:
"Gəldiyimiz əsas qənaət odur ki, dini liderlərin, dövlət qurumlarının, icmaların birgə fəaliyyəti önəmli faktordur. Çünki din cəmiyyətdə böyük təsirə malikdir. Bu səbəbdən dinin təsiri bütün sahələrdən olduğu kimi, qadın hüquqlarından da yan ötüşmür. Bu gün dünyada gedən tendensiyalar göstərir ki, qadınlar üçün də dini təhsil çox önəmlidir".
Forum çərçivəsində keçirilən "Azərbaycan multikulturalizmi: Təcrübə, ənənə və müasir çağırışlar" mövzusundakı panelin moderatoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə diqqətə çatdırıb ki, etnik və dini müxtəlifliyin idarə olunması öz aktuallığını qorumalıdır:
"Panel müzakirə zamanı da ölkəmizdə yaşayan və fəaliyyət göstərən müxtəlif dini icmaların nümayəndələrinin iştirakı ilə multikulturalizm ənənəsi haqqında müzakirə aparıldı. Gəlinən nəticəyə əsasən, bu ənənənin davam etdirilməsi, müasir çağırışlara uyğun multikulturalizm nümunəsinin möhkəmləndirilməsinin vacibliyi vurğulandı".
Sonuncu, "Dünyəvi dövlətdə dini təhsil modelləri: Nəzəriyyə və praktika" mövzusundakı panelin moderatoru Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun sözlərinə görə, paneldə dövlətin dinə olan münasibətindən, ideoloji təhlükəsizliyin təmin edilməsindən, dini mənbələrin düzgün şəkildə öyrənilməsindən və s. istiqamətində müzakirə aparılıb.
Bildirilib ki, din təhsilinin düzgün təşkil edilməsi üçün təcrübəli dini xadimlərin və pedaqoqların birgə çalışması uğurlu nəticəyə gətirib çıxara bilər.
Forumun yekununda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxış edib və iştirakçılar Prezident İlham Əliyevə birgə müraciət ünvanlayıblar.