Ceyhun Bayramov Serbiyanın Baş nazirini məlumatlandırıb - YENİLƏNİB

23 Dekabr 2024 16:57 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın Baş naziri Milos Vuçeviç ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, C.Bayramov Azərbaycan və Serbiya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında ali və yüksək səviyyəli səfər və təmasların əhəmiyyətini qeyd edib, bu sahədə mövcud dinamikanın qorunmasının vacibliyini vurğulayıb.

İki ölkə arasında xüsusilə iqtisadi-ticari əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın vacib platforma olduğu bildirilib.

İki ölkə arasında energetika sahəsində əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə olunub, əməkdaşlığın perspektivlərinə toxunulub. Alternativ enerji istehsalı və ixracı sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib. Azərbaycanın yaşıl enerji istehsalı sahəsində potensialı barədə qarşı tərəfə məlumat verilib.

Bununla yanaşı, iki ölkə arasında turizm sahəsində birgə layihələrin həyata keçirilməsinə, bu xüsusda birbaşa hava nəqliyyatı əlaqələrinin yaradılmasına qarşılıqlı maraq ifadə olunub.

Bu il Azərbaycanda keçirilmiş COP29 tədbirinin nəticələri barədə ətraflı məlumat təqdim olunub, iqlim diplomatiyası sahəsində birgə səylərin vacib olduğu diqqətə çatdırılıb. “Expo-2027” tədbirinin iki ölkə arasında əlavə əməkdaşlıq imkanları yaradacağına dair əminlik ifadə edilib.

C.Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb.