Serbiya Prezidenti Azərbaycan XİN başçısı ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib - YENİLƏNİB 2

23 Dekabr 2024 16:44 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 23-də Serbiya Prezidenti Aleksandar Vuçiç tərəfindən qəbul edilib. XİN-dən SİA-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı ikitərəfli strateji tərəfdaşlıq münasibətləri, eləcə də regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan və Serbiya tərəfindən hər zaman qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstəyin təqdirəlayiq olduğunu bildiriblər.

Ölkəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi münasibətilə təbrik edən Prezident Vuçiç COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlayıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.