Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblər”i təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, ödəniş xidməti təchizatçısı AMB-nin müəyyən etdiyi texniki tələblərə uyğun olaraq azı bir İnterfeys yaratmalı və davamlı fəaliyyətini təmin etməlidir. Üçüncü tərəf təchizatçının avtorizasiyasını və İnterfeysə girişini təmin etməlidir.
İnterfeys ödəniş xidmətləri üzrə aşağıdakı istifadə hallarını dəstəkləyir:
-ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidmətindən istifadə edilməklə ödənişin həyata keçirilməsi;
- ödəniş hesabı üzrə məlumat xidməti üzrə:
- ödəniş hesabı üzrə məlumatın əldə edilməsi üçün razılığın alınması;
- ödəniş hesablarının siyahısının əldə edilməsi;
- ödəniş hesabının rekvizitlərinin əldə edilməsi;
- ödəniş hesabının qalıq məbləği barədə məlumatının əldə edilməsi;
- ödəniş hesabı üzrə əməliyyat məlumatlarının əldə edilməsi.
Həmçinin üçüncü tərəf təchizatçıya ödəniş hesabı məlumatlarına giriş hüququ verildiyi təqdirdə, bu hüququn qüvvədə olma müddəti və tezliyi ödəniş xidməti istifadəçisinin razılığı ilə müəyyən edilir. Bu hüququn müddəti 90 gündən çox ola bilməz.
AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.