Tədbirlər barədə fikir mübadiləsi aparılıb - FOTOLAR - VİDEO

23 Dekabr 2024 15:43 (UTC+04:00)

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan və Türkiyənin qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu qeyd edib. O, ölkələr arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.

Nazir regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlığın rolunu xüsusi vurğulayıb. Səmimi qəbula və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən ordu generalı S.Bayraktaroğlu mütəmadi olaraq qarşılıqlı səfərlərin təşkili və görüşlərin keçirilməsinin ölkələr arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin təzahürü olduğunu qeyd edib. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının iki ordu arasında uyarlılığın təmin edilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə, hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyənin nümayəndə heyəti ilə görüşüb. Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə hər iki ölkənin hərbi qulluqçularının peşəkarlığının daha da artırılması və təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Birgə hərbi əməkdaşlığın cari vəziyyəti və digər məsələlər müzakirə edilib.

Daha sonra müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüş keçirilib. Görüşdə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb.