İşçi qrupu açıqlama yayıb

23 Dekabr 2024 15:40 (UTC+04:00)

Azərbaycanda dövriyyə kapitalı, kapitalın əsas növlərindən biri olmaqla istehsalın təşkili üçün lazım olan kapital hesab olunur. SİA xəbər verir ki, bu barədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun açıqlamasında bildirilir.

İşçi qrupuna Azərbaycan Mərkəzi Bankı (AMB) rəhbərlik edir.

Məlumata görə, bu kapital istehsal prosesində tamamilə istehlak olunan və öz dəyərini istehsal edilən əmtəələrin üzərinə keçirən, habelə istehsal olunmuş məhsulların satışından sonra pul formasında sahibinə qayıdan hissədir.

Əsas vəsait anlayışı Vergi Məcəlləsi ilə tənzimlənir. Vergi Məcəlləsinə əsasən, “əsas vəsaitlər” istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, həmin Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir.

Mülki Məcəlləyə, “Banklar haqqında” qanuna və AMB-nin “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na əsasən, müəssisə (i) cari, (ii) cari subhesab, (iii) əmanət və (iv) müxbir hesablar aça bilər.

“Overdraft facility” Mülki Məcəlləyə əsasən hesabın kreditləşdirilməsi kimi müəyyən edilir. Belə ki, bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır.

“Banklar haqqında” Qanuna əsasən, kreditbağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlər ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət və s. verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.

Kredit xətti kredit müqaviləsinə uyğun olaraq tam və ya qismən istifadə edilə bilən, faiz dərəcəsi kredit xəttinin yalnız istifadə olunmuş hissəsinə hesablanan və yuxarı həddi müəyyənləşdirilmiş bank kreditidir.

Maliyyə institutları anlayışı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda verilib və kredit təşkilatları, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçılar, təkrarsığortaçılar, sığorta vasitəçiləri, investisiya şirkətləri, investisiya fondları, bu fondların idarəçiləri, xarici investisiya fondlarının nümayəndəlikləri, mərkəzi depozitar, poçt rabitəsinin milli operatoru, lombardlar, maliyyə lizinqi xidmətləri göstərən şəxslər, ödəniş təşkilatları (müstəsna olaraq ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla) və elektron pul təşkilatları, virtual aktiv xidməti təminatçıları və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsləri ehtiva edir.

Lakin “Mərkəzi Bank haqqında” qanunda maliyyə institutları anlayışı deyil, nəzarət subyektləri anlayışı nəzərdə tutulub və nəzarət subyektləri kimi banklar, bank olmayan kredit təşkilatları (BOKT), sığorta bazarının peşəkar iştirakçıları, investisiya şirkətləri və qiymətli kağızlar bazarında digər lisenziyalaşdırılan şəxslər, investisiya fondları, investisiya fondunun idarəçiləri, ödəniş təşkilatları, elektron pul təşkilatları, ödəniş sistemləri operatorları, klirinq (prosessinq) fəaliyyətini həyata keçirən şəxslər, kredit büroları və maliyyə bazarlarını tənzimləyən qanunlarla AMB-nin nəzarət etdiyi subyektlər kimi müəyyən edilən digər şəxslər nəzərdə tutulur.

Girov və ipoteka hüququ, öhdəliyin icrasının təminatı üsulu olmaqla, girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. İpoteka predmeti olan əşyalar, mülki dövriyyədən çıxarılmış əşyalar, habelə qanunla güzəşt olunması və ya girov qoyulması qadağan edilmiş tələblər və hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər.

Qanunvericiliyə əsasən, daşınar və daşınmaz əmlak üzərində hüquqları və yüklülüyü təsbit edən reyestrlər mövcuddur. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

Daşınar əmlaka yüklülüyün yaranması, yüklülüyə dəyişikliklər edilməsi, onun xitamı, habelə daşınar əmlak üzərində yüklülüyə etiraz edilməsi ilə bağlı qeydlərin aparılması üçün isə daşınar əmlakın yüklülüyünün dövlət reyestri (Reyestr) aparılır. Rəsmi reyestrlərdə qeydiyyata alınan daşınar əşyalar (avtomobil və s.) və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar (səhm, istiqraz və s.) istisna olmaqla bütün daşınar əmlaklar Reyestrdə qeydiyyata alına bilər.

İstehlak krediti sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kreditdir.

Həmçinin, avtomobil nəqliyyatı vasitəsinin əldə edilməsi məqsədi ilə verilən və təminat predmeti həmin avtomobil nəqliyyatı vasitəsi olan kredit də istehlak krediti sayılır.

Mülki Məcəlləyə əsasən, məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Habelə bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur.

Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur:

Bununla yanaşı, nağdsız hesablaşmalar aparılarkən ödəniş tapşırıqları ilə, akkreditiv üzrə hesablaşmalara, inkasso üzrə, çeklərlə, ödəniş kartları ilə, elektron şəklində hesablaşmalara, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər formalarda hesablaşmalara yol verilir.

Eyni zamanda, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanlarının göstərdiyi xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-terminallar quraşdırılmalıdır.

Ödəniş aləti ödəniş xidməti istifadəçisinin (i.e. ödəyici və (və ya) vəsait alan qismində ödəniş xidmətlərindən istifadə edən şəxs) ödəniş sərəncamının verilməsi məqsədilə istifadə etdiyi və ödəniş xidməti təchizatçısı (i.e. banklar, BOKT-lər, ödəniş və e-pul təşkilatları, poçt rabitəsinin milli operatoru və Mərkəzi Bank) ilə razılaşdırılmış hər hansı bir fərdiləşdirilmiş alət və (və ya) prosedurlar toplusudur.

Nağdsız ödəniş alətlərinə ödəniş kartları (debit, kredit kartı), elektron pul, elektron pul kisəsini və s. aid etmək olar.

Ödəniş xidməti təchizatçısı ödəniş sərəncamını icraya qəbul etdiyi vaxtdan növbəti iş günündən gec olmayaraq icra etməlidir. Bununla belə, ödəniş xidmətlərinin ödəniş terminalları vasitəsilə göstərildiyi hal istisna olmaqla, vəsait alanın xeyrinə ödəniş xidməti təchizatçısına daxil olan pul vəsaiti həmin əməliyyat günü vəsait alanın ödəniş hesabına mədaxil edilməli və (və ya) pul vəsaitinin istifadəsinə imkan yaradılmalıdır. Hesaba mədaxil edilməli olan pul vəsaitinin valyutası hesabda olan məbləğin valyutasından fərqli olduqda pul vəsaitinin hesaba mədaxil edilməsi müddəti ödəniş xidməti istifadəçisi ilə ödəniş xidməti təchizatçısı arasında bağlanılmış müqavilə ilə tənzimlənir.

Mülki Məcəlləyə əsasən, bank müştərinin hesabına daxil olmuş pul vəsaitini, qanunda ayrı qayda nəzərdə tutulmadıqda, həmin əməliyyat günündən gec olmayaraq hesaba salmalıdır. Həmçinin, bank müştərinin sərəncamı ilə müştərinin pul vəsaitini müvafiq ödəniş sərəncamının banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir, bu şərtlə ki, qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə ayrı müddətlər nəzərdə tutulmasın.

“Banklar haqqında” qanuna əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bankın verdiyi kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.