“Media savadlılığı mövzusu son dərəcə aktualdır. Xüsusən də dünyadakı informasiya çirkliliyinin yaşandığı bir şəraitdə ölkəmizdə də media savadlılığı həftəsinin keçirilməsi son dərəcə vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında "Editor.az" saytının baş redaktoru Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, məlumdur ki, media artıq son illər həmişə belə olub: “Son illər xüsusilə də yalnız informasiya yaymaq funksiyasından daha çox eyni zamanda bir sıra dövlətlərin, güc mərkəzlərinin bir-birinə qarşı mübarizədə istifadə etdiyi əsas silahlardan, mexanizmlərdən birinə çevrilib. Yəni indi artıq dünyada müharibələr hərbi, iqtisadi, siyasi müstəvidə deyil, eyni zamanda informasiya hücumları müstəvisində də həyata keçirilir. Bu baxımdan da həm jurnalistlərimizin, həm də oxucularımızın media savadlılığının gücləndirilməsi hər ötən gün qarşımızda duran vacib məsələlərdən biridir.
Blirsiniz ki, bugün dünyada elə bu son yaşanan hadisələr fonunda, Vətən müharibəsi dövründə, ondan sonrakı mərhələlərdə öz ölkəmizin təcrübəsindən deyə bilərik ki, dünyanın müxtəlif güc mərkəzləri və dövlətləri ölkəmizə qarşı informasiya terroru həyata keçirməyə çalışırlar. Bu siyasi mənada belədir. Ona görə də mən hesab edirəm ki, insanların çoxsaylı informasiya fonunda bir məlumatı alarkən dərindən təhlil edərək almasına, bir neçə mənbədən dəqiqləşdirməsinə, informasiyanın doğruluğunu müəyyən etmək üçün alternativ qaynaqlar axtarmasına böyük ehtiyac var.
Bilirsiniz, digər yandan bugün dünyada süni intellekt sürətlə inkişaf edir. Süni intellekt vasitəsilə kiçik bir faktı götürüb tamamilə başqa formada təqdim etmək mümkündür. Hesab edirəm ki, həm jurnalistlər həm də oxucuların bu məqamda diqqətli olmaları vacibdir. Real informasiyanın süni intellekt vasitəsilə hazırlanan materialdan ayırmaq üçün əlbəttə ki media savadlı olmağa çox böyük ehtiyac var.
Eyni zamanda son vaxtlar kiber cinayətkarlıq halları informasiya texnologiyalarının sürətli inkişafı ilə kiber cinayətkarlıq halları sürətlə artır. Bütün hallarda insanlar məhz məlumatsızlıqdan, media savadlılığının aşağı olmasından dələduzların qurbanı olurlar. Müxtəlif məlumatı dəqiqləşdirmədən müxtəlif saytlar üzərindən hansısa keçidlər edirlər və sonra böyük miqdarda pullar və ya başqa zərərlərə düşürlər.
Əlbəttə ki, maarifləndirmə işi son dərəcə vacibdir. Bunu yalnız həm jurnalistlər üçün eyni zamanda hədəf kütləsi olan oxucular üçün də həyata keçirilməlidir. Buna yalnız aidiyyatı qurumlar, media sahəsində cavabdeh qurumlar yox, bütün cəmiyyət qoşulmalıdır. Çünki informasiyanın təhlükəsizliyi elə bütün cəmiyyətin məsələsidir, bütün ölkənin məsələsidir”.
https://medialiteracy.media.gov.az/
Ayşən Vəli