Azərbaycan və Serbiya arasında ikitərəfli əməkdaşlıq genişləndiriləcək

23 Dekabr 2024 14:30 (UTC+04:00)

Azərbaycan və Serbiya enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələri, təhsil, elm, mədəniyyət, turizm kimi sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirəcək. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya xarici işlər naziri Marko Curiç ilə birgə mətbuat konfansında deyib.

"Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri mövcud potensialı əks etdirməməsinə baxmayaraq, biz bu istiqamətdə daim işləyirik. Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində mütəmadi görüşlər keçiririk. Enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələri, təhsil, elm, mədəniyyət, turizm bu mənada genişləndirəcəyimiz ikitərəfli əməkdaşlıq sahələridir",- Nazir qeyd edib.

C.Bayramov vurğulayıb ki, Azərbaycan ilə Serbiya arasında əlaqələr qarşılıqlı yüksək səviyyəli səfərlərin dinamizmi, mükəmməl siyasi dialoq, zənginləşən parlamentlərarası əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində faydalı qarşılıqlı fəaliyyət, perspektivli iqtisadi əməkdaşlıq, eləcə də mədəni-humanitar mübadilələr ilə müşayiət olunur:

"Qarşılıqlı yüksək səviyyəli səfərlər ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Bu gün beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizə böyük dəstəyimiz var. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi iqlim diplomatiyası sahəsində də əməkdaşlıq üçün yeni imkanlaryaradılıb. Əminik ki, Serbiyada keçiriləcək "EXPO-2027" Sərgisi də xalqlarımız arasında tərəfdaşlığın inkişafına öz töhfəsini verəcək".