23 dekabr tarixində Bakı Biznes Mərkəzində TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, konfransda media nümayəndələri iştirak ediblər.
Mətbuat konfransında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair məlumatlarla çıxış edib. O bildirib ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrimizə 22.1 milyon müraciət qeydə alınıb, 76.8 milyon tibbi xidmət göstərilib: "2023-cü ildə isə 20.3 milyon müraciət qeydə alınıb, 63.8 milyon tibbi xidmət göstərilib: “Cari ildə müraciət sayında 9%, göstərilən tibbi xidmət sayında isə 20%-lik artım qeydə alınıb.
2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrimizdə 348 mindən çox cərrahi əməliyyat və prosedur icra olunub. Cari ilin yanvar-noyabr ayları ərzində laborator xidmətlərin sayı 30.5 milyon olub. Bu isə keçən illə müqayisədə 34% artım deməkdir. 2024-cü ilin yanvar-noyabr ayları ərzində 6 milyondan çox radioloji müayinə həyata keçirilib. Cari ilin 11 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 1,6 milyondan çox çağırış qeydə alınıb. Ən çox müraciət Bakı şəhəri üzrə olub, paytaxtda 11 ay ərzində 781 min 152 müraciət qeydə alınıb: “Sumqayıt üzrə 132 min 711, Gəncə üzrə 93 min 536, Abşeron üzrə 34 min 46, Mingəçevir üzrə isə 38 min 357 çağırış qeydə alınıb. Bakı üzrə olan çağırışlar əsasında 742 min 152 nəfərə yerində yardım olunub, 75 min 21 nəfər isə müxtəlif profilli tibb müəssisələrinə hospitalizasiya olunub, müraciətlərin 39 minini əsassız çağırışlar təşkil edib. Ümumiyyətlə, Bakı üzrə gündəlik olaraq müraciətlərin sayı təxminən 2 min 200 - 2 min 300 arasında dəyişir.
İcraçı direktor bildirib ki, TƏBİB-in “2025-2027-ci illər üzrə Strateji Plan”ı hazırlanıb: "Sənəd ümumilikdə 3 məqsəd, 4 hədəf, 30 prioriteti özündə ehtiva edir. TƏBİB-in fəaliyyət strategiyasına uyğun olaraq tibbi turizmin ölkədə inkişafı istiqamətində addımlar atılıb: “Belə ki, xaricdə təhsil almış həkimlərimizin vətənə geri qayıtması, tibbi xidmət göstərən personalımızın dil biliklərinin artırılması, xəstəxanalarımıza beynəlxalq sertifikatların alınması ilə bağlı işlərə başlanılıb. Ən böyük uğurlarımızdan biri kimi Möhtərəm Prezidentimiz İlham Əliyevin birbaşa dəstəyi ilə Yeni Klinikanın Almaniyanın Münhen şəhərində yerləşən, 34 mindən çox əməkdaşı olan, 120-yə yaxın tibb müəssisəsində hər il təxminən 2,1 milyon pasiyentə 44 adda təxirəsalınmaz və ixtisaslaşmış tibbi xidmət göstərən “Sana Hospital” brendindən istifadə hüququ əldə etməsini qeyd etməliyəm.
Bundan əlavə, yüksək nailiyyətlərimizdən biri Cənubi Qafqazda ilk dəfə olaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika üçün beynəlxalq nüfuza malik HIMSS təşkilatının EMRAM 6 akkreditasiya sertifikatının əldə edilməsidir".
İcraçı direktor əlavə edib ki, beynəlxalq müstəvidə uğurlardan biri isə TƏBİB tabeli müvafiq tibb müəssisələrinin Ümumdünya İnsultla Mübarizə Təşkilatının sertifikasiyasından keçirilməsi prosesi ilə əlaqədar müvafiq işlərə başlanılmasıdır: “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı” və eləcə də “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı”na TƏBİB-in tabeli tibb müəssisəsi olan Yeni Klinikanın əlavə edilməsi də önəmli hadisələrdən biridir. Hazırda 3315 sayda tibbi xidmət əhaliyə ödənişsiz əsaslarla göstərilir".
Vüqar Qurbanov əlavə edib ki, icbari tibbi sığorta təminatına alınmış tibbi xidmətlərin 90 faizdən çoxunun TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra edilməsi mümkündür: "TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icbari tibbi sığorta hesabına sığortaolunanlara Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin ümumi məbləği 2023-cü ilin 11 ayı üzrə 572 milyon 710 min 547 manat təşkil etdiyi halda, 2024-cü ilin müvafiq dövründə bu rəqəm 809 milyon 724 min 452 manat təşkil etməklə, ümumilikdə 42% artım izlənilib.
Müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan obliqat qruplarla bağlı 246 xidmət paketi formalaşdırılıb və tarifləri təsdiq edilib: “Beləliklə, icbari tibbi müayinələrin tələb olunduğu işlərdə və zərərli amillərlə işləyənlərin bütün müayinələri tam əhatə olunub.
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığortalı hesab edilməyənlər üçün göstərilən tibbi xidmətlərə də müvafiq əlavələr edilib və hazırda 4 931 sayda tibbi xidmət və tarifləri təsdiqlənib.
Hazırda onlayn növbə sistemi pilot layihə olaraq Yeni Klinikada tətbiq olunur. Layihənin tətbiqi xaos və qarışıqlığın minimuma enməsinə, iş prosesinin sürətlənməsinə, effektivliyin artmasına, tibb müəssisəsində xeyli sayda insanın toplanmaması nəticəsində məmnuniyyətin artmasına, tibb müəssisəsinin reputasiyasına müsbət təsir edib: "Növbə sisteminin canlı növbə funksionallığı isə hazırda 19 tibb müəssisəsində tətbiq olunur. 5 tibb müəssisəsində isə qurulma üçün hazırlıq prosesi davam edir. 2024-cü il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80 minə yaxın isə onlayn növbə xidmətindən istifadə ediblər.
Sürücülüyə yararlı olmaq barədə tibbi arayışın, sağlamlıq haqqında tibbi arayışın elektronlaşdırılması da cari ildə rəqəmsallaşma ilə bağlı həyata keçirilən layihələrdəndir. Artıq 100 mindən çox sürücülüyə yararlı olmaq barədə tibbi arayış, 250 minə yaxın sağlamlıq haqqında arayış elektron formatda təqdim edilib”.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb. Konfrans başa çatıb.