Dekabrın 20-də Azərbaycana səfəri çərçivəsində Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin rektoru, professor Hasan Uslunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub. SİA xəbər verir ki, rektor əvəzi, dosent Vazeh Əskərovla görüşən professor Hasan Uslu ADNSU-da olmaqdan məmnunluğunu bildirib. Bir neçə gün öncə Türkiyədə - Niğde Ömer Halisdemir Universitetində tərəflər arasında bağlanmış əməkdaşlıq memorandumundan söz açan rektor, professor Hasan Uslu qarşıdakı illərdə birlikdə böyük uğurlar qazanacaqlarına əminliyini ifadə edib.
Qonaqlar ADNSU-da olarkən tarix muzeyinə, kitabxanaya, laboratoriyalara və auditoriyalara baş çəkiblər, universitetlə - burada tədris və təhsil üçün yaradılan şəraitlə yaxından tanış olublar. ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsinə qoyulmuş barelyefi heyrətlə seyr edən qardaş ölkənin nümayəndələri universitetin tarixi haqqında ətraflı məlumat aldıqdan sonra və buranın təkcə mühəndis kadrlar hazırlayan təhsil müəssisəsi yox, həm də tarixi özündə yaşadan elm ocağı olduğunu bildiriblər.
Sonda qonaqpərvərliyə və ətraflı məlumata görə dosent Vazeh Əskərova minnətdarlığını bildirən professor Hasan Uslu və rəhbərlik etdiyi nümayəndə heyəti universitetdən xoş təəssüratla ayrılıblar.