Bəhruz Quliyev,
“SƏS” qəzetinin baş redaktoru, Fəlsəfə üzrə fəlsəfə doktoru
Lideri zaman yetişdirir. Tarixin keşməkeşli dönəmlərindən və sınaqlardan uğurla keçən tarixi şəxsiyyətlər, yaşadıqları zaman üçün həm də ona görə önəmlidirlər ki, öz dövrünün uğurlu səlnaməsinə imza atırlar. Öz xalqları üçün, təmsil etdikləri ölkənin milli maraqları üçün misilsiz işlər görən belə insanlar daima tarixin qızıl səlnaməsi kimi xatırlanırlar. Bu gün Cənab İlham Əliyev Azərbaycan tarixinə təkcə misilsiz inkişaf və nüfuzlu dövlət qurucusu kimi deyil, ən ümdəsi 30 illik erməni işğalına son qoyan və Azərbaycanın ərazi bütövlüyünü təmin edən, əzəmətli Azərbaycan bayrağını Xankəndidə, Şuşada dalğalandıran Zəfər Sərkərdəsi kimi daxil oldu. Hələ 2003-cü ildə Ulu Öndərin siyasi varisi olaraq, məhz onun xeyir-duası ilə 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində xalqın böyük etimadını qazanan Cənab İlham Əliyev 21 illik zaman müstəvisində Azərbaycan üçün misilsiz uğurlara imza atıb. Məhz 2003-cü ilin 15 oktyabr tarixi Azərbaycanda yeni bir epoxanın başlandığı tarixdir. Bəli, o zaman qədibilən Azərbayan xalqı prezident seçkilərində Ümummilli Lider Heydər Əliyevin siyasi varisi, respublikanın Baş naziri İlham Əliyevə tam etimad göstərərək onu özünə dövlət başçısı seçdi. Bu tarixdən başlayaraq Azərbaycanda yeni bir era başladı- inkişaf və yüksəliş erası.
Dünyanın ictimai-siyasi reallığı qüdrətli və böyük dövlətlərin liderlərinin daha çox nüfuza malik olduğunu daim sübuta yetirib. Daha doğrusu, kiçik dövlətlərin liderləri çox nadir hallarda dünya səviyyəsində tanınan, nüfuza malik olan şəxsiyyət olurlar. Ancaq nəzərə alsaq ki, dünya xəritəsinin ən mühüm nöqtələrinin birində Azərbaycan adlı ölkə var və bu ölkə ölçülərinə görə digər ölkələrdən kiçikdir, buna baxmayaraq onun siyasi düzəndəki yeri və rolu olduqca əhəmiyyətlidir. Bu əhəmiyyəti isə bəşəriyyətə sübut edən, əməli şəkildə isbatlayan Lider faktoru mövcuddur – Ümummilli Lider Heydər Əliyevdən Milli Lider İlham Əliyevə ötürülən siyasi kurs reallığı! Bu iki tarixi paralelliyin təməlində ən vacib və bir-birini tamamlayan mühüm məqamlar dayanır: xilas və tərəqqi. Ulu Öndər Heydər Əliyev Azərbaycanı daxili və xarici düşmənlərdən qorudu, xilaskarlıq missiyası ilə müstəqilliyimizi bərpa etdi, iqtisadiyyatımızın təməlini qoydu, İlham Əliyev bu siyasi kursun davamını həyata keçirərək Azərbaycanı dünyanın ən aparıcı mərkəzinə çevirdi, inkişaf etdirdi və nəhayət – Qalib dövlət kimi adını tarixə yazdırdı! İlham Əliyev əməlləri ilə göstərdi ki, dövlətin kiçik və ya böyük olmasının onun liderinin beynəlxalq aləmdə nüfuz və hörmət sahibi olmasına heç də təsir göstərmir, güclü Lider kiçik ölkəyə rəhbərlik etməsi ilə onu böyük dövlətlərin sırasında nüfuz sırasına daxil edir!
Müstəqil siyasət, qarşıda dayanan çətin yol...
Hər birimizə kifayət qədər bəllidir ki, Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın sürətli inkişafı və qüdrətlənməsi üçün xüsusi strategiya işləyib hazırlamışdı. Amma onun bu işi başa çatdırmasına fiziki baxımdan vaxt kifayət etmədi. Lakin bu işi davam etdirmək, uğurla başa çatdırmaq üçün onun siyasi varisi olmalıydı. Belə varis isə onun ailəsində yetişmiş, məhz onun məktəbini keçmiş, praqmatik düşüncəli, dərin zəkalı, uzaqgörən, ekstremal vəziyyətdə ən düzgün qərarlar verə bilən İlham Əliyev idi!
2003-cü ildən etibarən xalqın qətiyyətli iradəsi sayəsində dövlət başçısı seçilən İlham Əliyev qısa müddətdə özünün idarəçilik, ölkəyə, xalqa rəhbərlik xüsusiyyətlərinin də mükəmməl olduğunu isbat edərək xalqın tam və qəti etimadını qazandı. Çox qısa müddətdə o, Ulu Öndər Heydər Əliyevin tarixi “Mən ona özüm qədər inanıram” fikir və düşüncələrini əməlləri ilə təsdiq etdi və Azərbaycanda yeni bir dövrün, eranın başlanğıcının təməli qoyuldu.
Prezident kimi fəaliyyətinin ilk illəri əlbəttə, çox çətin idi. Qarşıda yarımçıq qalan işlərin davam etdirilməsinə ehtiyac duyulan, ərazisinin 20 faizinin işğal altında olan, qaçqın və məcburi köçkünlərin problemləri, ordusunun gücləndirilməsinə zərurət olan bir ölkəyə rəhbərlik etmək əsla asan deyildi. Bütün bu və digər problemlər süərtlə, gecə və gündüz bilinmədən həll edilməli idi. Ancaq daha bir fakt bu idi ki, qarşıda dayanan vəzifələri icra etmək üçün ilk növbədə güclü iqtisadiyyata malik olmaq, digər dövlətlərdən fərqli olaraq, müstəqil qərar qəbul etmək, yeri gələndə milli maraqlar naminə sərt addımlar atmaq zəruri idi.
Söz yox ki, Azərbaycanın iqtisadi inkişafının əsasını Ulu Öndər Heydər Əliyev öz mükəmməl strategiyası ilə, xüsusilə neft və s. enerji resursları vasitəsi ilə müəyyən etmişdi. Lakin bu işlərin reallaşdırılması nəhəng maliyyə imkanları, xeyli vaxt və enerji, həmçinin praqmatik düşüncə tələb edirdi. Eyni zamanda, xarici investorların daha çox bu kimi işlərə cəlb edilməsi üçün ardıcıl fəaliyyət planını həyata keçirmək qarşıya əsas məqsəd kimi qoyulmuşdu. O cümlədən, nəzərə alsaq ki, İlham Əliyev həm də özünün də dəfələrlə vurğuladığı kimi - yalnız siyasi deyil, eyni zamanda biznes mühitində formalaşıb, bu zaman bütün bunları özündə birləşdirən qətiyyətli və uzaqgörən liderə ehtiyacın yaranması amili də özünü daha çox göstərirdi - İlham Əliyev məhz belə bir anda, məhz belə keyfiyyətlərlə öz sözünü əməli şəkildə təsdiq etməyə başladı.
Gənc Lider çətinlikdən, əziyyətdən qorxmadı, qarşıya çıxan bütün baryerləri və sədləri aşmağı bacardı, öndə dayanan, hər an dövlətimizin başının üstünü qara buludlar kimi almağa hazır olan təhlükə tendensiyalarını ram etdi və çəkilən bu zəhmətlər, əziyyətlər qısa müddətdə zəhmət öz bəhrəsini verdi.
İslahatlar və yeni mərhələ...
İlham Əliyev bəyan etmişdi ki, güclü dövlət üçün güclü iqtisadiyyat lazımdır. Çünki ölkənin bütün sahələrinin inkişafı iqtisadiyyatın bazasında mümkün ola bilər. Ona görə də, prezidentliyinin ilk illərində o, əsas gücü iqtisadi inkişafa tərəf yönəltdi. Həyata keçirilən ardıcıl iqtisadi proqramlar, kiçik, orta və böyük sahibkarlığa dövlət dəstəyi, investisiyaların cəlb edilməsi nəticəsində ölkənin ümumdaxili məhsulu artmağa başladı. Bunun nəticəsi olaraq, dövlət büdcəsinin gəlirləri çoxaldı, ticarət və maliyyə döviyyəsinin həcmi durmadan artdı, əhalinin məşğulluq səviyyəsi yüksəldi. Əsasən, çoxminli iş yerlərinin açılması üçün münbit şərait yaradıldı. Bu isə öz növbəsində tikinti, bərpa və quruculuq işlərinin sürətlənməsinə, şəhər və kəndlərin abadlaşmasına, nəqliyyat və kommunal infrastrukturların yenilənməsinə, nəhəng layihələrin icrasına olduqca geniş imkanlar yaratdı.
Qeyd edilənlərlə yanaşı, Azərbaycanda daha əvvəllər mövcud olan qeyri-sabit biznes mühitində köklü islahatlara başlanıldı, bu mühit sağlamlaşdırıldı, hökumətdə kadr islahatları aparıldı, vergi yükü azaldıldı, kiçik və orta biznesə dəstək artırıldı.
Bütün bu işlər əlbəttə ki, dünyanın aparıcı iqtisadi və biznes mərkəzlərinin diqqətindən kənarda qalmadı. Bu mərkəzlər Azərbaycan Liderinin həyata keçirdiyi möhtəşəm siyasətini heyranlıqla izləyirdilər. Artıq bir sıra nəhəng korporasiyalar, şirkətlər, sənaye nəhəngləri Azərbaycanla iş birliyi qurmağa can atırdılar. Məhz bunun nəticəsi olaraq ölkəmizdə xarici investisiyalar artmağa başladı. Təsadüfi deyil ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası “Doing Business” öz hesabatında Azərbaycanı 2008-ci ilin ən islahatçı ölkəsi elan etdi. Bu Korporasiya gələcəkdəki illərdə də Prezident İlham Əliyevin iqtisadi islahatlarını əks etdirən yüksək dəyərli hesabatlarını yayaraq əsl reallığı dünyaya göstərdi. Artıq fakt bu idi ki, yeni Prezident cəmi bir neçə ildə yeni ölkə qurdu, yeni islahat və siyasət məktəbi yaratdı!
Həmin ilkin uğurları sadalayaq:
Regional və beynəlxalq iqtisadi layihələr, xüsusən enerji və nəqliyyat layihələri uğurla işləməyə başladı.
Müxtəlif ölkələrlə iqtisadi, ticari, hərbi, siyasi, elmi-texniki, mədəni əməkdaşlıq xeyli artdı.
Beynəlxaql təşkilatlarda mövqelərimiz gücləndi.
Cəmi 10 ildə (!) ölkənin siması tamamilə dəyişdi. Azərbaycanın çox böyük iqtisadi və maliyyə imkanları yaradıldı, ölkəmiz abad və müasir məkana çevrildi, qüdrətli ordu formalaşdı, sosial rifah artdı.
Bakı dünyanın güc mərkəzlərinin danışıqlar platformasına çevrildi
Beləliklə, güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü. Məhz bu səbəbdən son illərdə neft qiymətlərinin kəskin azalması və qlobal iqtisadi böhran nəticəsində yaranmış kəsiri qeyri-neft sektorunun inkişafı kompensasiya etdi. Ölkəmizin makroiqtisadi göstəricilərinin yüksəkliyi də beynəlxalq nüfuzumuzun möhkəmlənməsinə təsir edir. Beynəlxalq təşkilatların hesabat və proqnozlarına görə, Azərbaycan MBD-də və dünyada ən inkişafda olan ölkələrdən biridir. O da təsadüfi deyil ki, Dünya Bankının “Doing Business 2020” hesabatına əsasən Azərbaycan 20 ən islahatçı ölkə sırasına daxil oldu. Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında isə ölkəmiz hökumətin uzunmüddətli strategiyası üzrə daim ön yerlərdə lidelrik funksiyasını qoruyaraq saxlaya bilib.
Xalqına sosial rifah bəxş edən müdrik rəhbər
Daha bir əhəmiyyətli məqamı qeyd edə bilərik. Azərbaycanda iqtisadi yüksəliş təmin edildikdən sonra sosial sahədə də əsl inqilab baş verdi. Xalqımızın sosial rifahının artırılması üçün çoxsaylı islahatlar, proqramlar həyata keçirildi. Son illərdə ölkədə 2 milyondan çox yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi azaldılıb, aztəminatlı kateqoriyaların sosial müdafiəsi daha da gücləndirilib. Bu müddətdə müharibə əlilləri, şəhid ailələri üçün onlarla yeni şəhərcik, minlərlə bina tikilib, yüz minlərlə vətəndaş mənzillə təmin olunub.
Dövlət başçısının “Sağlam cəmiyyət güclü dövlət deməkdir” prinsipi ilə həyata keçirdiyi siyasət artıq öz bəhrələrini verib. İlham Əliyevin xalqımıza verdiyi söz müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn fəaliyyətin konsepsiyasına çevrilib. “Bizim siyasətimizin əsasında vətəndaş amili dayanır” deyən ölkə başçısı öz sosial islahatları ilə vətəndaşların rifahını və sağlam şəraitdə yaşamasını təmin edir.
Koronavirus epidemiyası dünya ölkələrini çətin vəziyyətə salanda Azərbaycan dövləti vətəndaşlarını qorumaq üçün kompleks proqram həyata keçirdi. Bütün beynəlxalq təşkilatlar da Azərbaycanın qlobal pandemiya dövründə özünü nümunəvi ölkə kimi təsdiqlədiyini etiraf etdilər.
Və ən əsası - bu gün həm Birinci, həm də İkinci Qarabağ müharibələrində əlil olanlara, şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir, dövlət əlində olan maksimum imkanlarını bu kateqoriyadan olan insanlarımız üçün istifadə edir.
44 günlük Vətən müharibəsində əldə edilən Zəfərimizdən sonra işğaldan azad edilmiş torpaqlarımızda nəhəng tikinti-quruculuq işlərinə start verilib, layihələr həyata keçirilir. Bu təbii ki, ayrıca mövzudur və onun haqqında da geniş bəhs edəcəyik...
Mahir və bacarıqlı STRATEQ!
Öz fəaliyyəti ilə regionun və dünyanın nüfuzlu liderlərindən birinə çevrilən İlham Əliyev bu statusu həm daxili, həm xarici siyasəti sayəsində qazandı. Qısa müddətdə rəhbərlik etdiyi ölkəni sürətli inkişaf modelinə çevirən, demokratik dövlət quruculuğu və sosial-mədəni institutların təqdiralayiq fəaliyyəti ilə dünyada tanıdan, beynəlxalq dialoqlar və yarışlar məkanına çevirən bir liderin dünyadakı böyük nüfuzu təəccüblü görünə bilməz. Elə bu ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəfdaş dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi COP29 çərçivəsində müzakirələr qatılması şəxsən İlham Əliyevin nüfuz və etimad gğstəricisidir.
Azərbaycan Prezidentinin sülhsevər və xeyirxah siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi faktlarının sayı çoxdur. İlham Əliyev dəfələrlə beynəlxalq təşkilatlar tərəfindən “İlin adamı” elan olunub, ona müxtəlif ölkələrin ali mükafatları təqdim olunub, müxtəlif sorğularda lider seçilib.
Prezidentlikdən Milli Liderliyə gedən şərəfi yol
Dövlət başçısının apardığı siyasət nəticəsində ölkədə multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən bir cəmiyyətin formalaşması təmin edilib, bütün ictimai institutlar, ziyalılar Azərbaycançılıq ideologiyası ətrafında birləşərək ümumi maraq və mənafelər uğrunda çalışmağa başlayıb. İlham Əliyev daim vurğulayır ki, insan hüquq və azadlıqlarının, o cümlədən, söz və fikir azadlığının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədi və fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Dövlətimizin humanizm siyasətini yüksək dəyərləndirən xalqımız mütamadi olaraq imzalanan əfv fərmanlarını təqdir edir. Onun çıxışlarında bu fikir hər zaman qeyd olunur ki, Azərbaycan dövləti siyasətində insan amilinə yüksək dəyər verir.
Bütün bunlar isə ölkəmizdə ictimai-siyasi sabitliyə rəvac verir. Məhz bu səbəbdən də vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi sahəsində ciddi nəticələr əldə olunur. Ölkəmizin milli-mənəvi dəyərlər üzərində inkişaf etməsinin, Azərbaycançılığın dövlət siyasətinin əsas prinsipi olduğunu deyən Milli Lider multikultural bir ölkədə yaşayan bütün insanları məhz bu vahid platformada- Azərbaycançılıq ideologiyası ətrafında birləşdirib. Vətəndaşlar da məhz bu səbəbdən öz Liderinin, öz dövlətinin arxasında dayanır. Beləcə xalq-lider-dövlət birliyi həm ölkənin gücünü artırır, həm də Azərbaycanın gələcəyi üçün daha gözəl və daha etibarlı gələcək vəd edir.
Bütün bunlar həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, İlham Əliyev bütün dünya üzrə ölkə daxilində ən çox səfərlər edən, müxtəlif tədbirlərdə, açılışlarda, bayram mərasimilərində, xatirə günlərində xalqın içində, vətəndaşların yanında olan Liderdir. Onun vaxtının çoxu iş otağında yox, açıq havada, xalqın içində, görüşlərdə keçir. Problemləri vətəndaşın öz dilindən şəxsən dinləyir və həllini təmin edir. İnsanlar da bunu görür, qiymətləndirir və onu Milli Lider kimi qəbul edir.
Fateh Sərkərdə, Müzəffər Ali Baş Komandan!
Prezident kimi İlham Əliyevin vətən və xalq qarşısında ən böyük xidmətlərindən biri də onun qüdrətli ordu yaratmasıdır. Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Ötən 21 ildə Ali Baş Komandanın səyi ilə ordumuzun maddi-texniki bazasını inanılmaz dərəcədə möhkəmləndirilib, ordumuz peşəkar kadrlarla zənginləşib. İlham Əliyev hələ Vətən müharibəsindən əvvəl dəfələrlə vurğulayırdı ki, bu ordu düşməni tam darmadağın etməyə və torpaqlarımızı azad etməyə qadirdir. Lakin bunu təcrübədə sübut etmək lazım idi...
Torpaqlarımızın azad olunması ilə başlayan Vətən müharibəsinin ilk günündə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev vurğulamışdı:“Mən Ermənistana dəfələrlə xəbərdarlıq etmişdim. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirir və torpaqlarımızı azad edir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır".
Beləliklə, Azərbaycan öz işğal olunmuş ərazilərini hərbi yolla azad etmək üçün hərbi əməliyyatlara başladı. İlk günlərdən işğalçı orduya və Qarabağda yerləşdirilən terrorçu dəstələrə sarsıdıcı zərbələr vuran, düşmənin xeyli canlı qüvvəsini, hərbi infrastrukturunu, texnikasını məhv edən Azərbaycan Ordusu 44 gün ərzində dünyaya sübut etdi ki, o hansı gücə və qüdrətə sahibdir!
Bəli, bu gün Azərbaycan Ordusu çox güclüdür. Lakin güclü ordunun olması heç də hər şey demək deyil. Qələbə üçün bu orduya komandanlıq edən, onu düzgün idarə edən, strategiyasını və taktikasını yüksək peşəkarlıqla müəyyənləşdirən bir sərkərdənin varlığı mütləqdir. Qarabağda Ordumuzun genişmiqyaslı azadetmə əməliyyatları başlayanda bütün xalqımız və bütün dünya həm ordumuzun, həm də onun Ali Baş Komandanının peşəkarlığını gördü.
Artıq bu gün də xalqımız Müzəffər Ali Baş Komandanı, Prezidenti İlham Əliyevin ətrafında sıx yumruq kimi birləşib ümumi düşmənə qarşı müxtəlif cəbhələrdə döyüşür- həm hərb meydanında, həm siyasi-diplomatik, həm informasiya müharibəsində, həm kibermüharibədə və s. Bu reallıq hər prezidentə qismət olası tale də deyil. Məhz bu keyfiyyətlərə malik olduğu üçün xalqımız İlham Əliyevi təkcə Prezident olaraq görmür, daha çox Lider, sərkərdə və ən əsası özünə ən yaxın insan kimi görür və inamla onun arxasınca gedir. Söz yox ki, belə bir xalq və prezident birliyi ilə qarşıda dayanan istənilən sədləri aşmaq, istənilən çətinlikləri ram etmək, istənilən qələbəni əldə etmək mümkündür!