Bu, bir həqiqətdir ki, dünyanın coğrafi, geosiyasi, iqtisadi, xüsusilə də insan resursları ilə zəngin olan əhəmiyyətli bir coğragiyasında yerləşən Azərbaycanın milli-mənəvi və dini-mədəni irsi qədim tariximizə və ənənələrimizə söykənir. Ölkəmizdə müxtəlif dinlər və konfessiyalara məxsus xalqlar və etnik qruplar daim sülh şəraitində yaşayıb və bu əsasda formalaşmış birgəyaşayış modelinin özünəməxsus unikallığı qorunub saxlanılıb. Bu isə öz növbəsində bizim malik olduğumuz və haqlı olaraq hər zaman qürur duyduğumuz multikulturalizm və tolerantlıq dəyərlərinin əsasını təşkil edib. SİA xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dekabrın 23-də Bakıda keçirilən “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, Azərbaycan Respublikası dünyəvi dövlət və demokratik cəmiyyət modelinə uyğun olaraq, dinin cəmiyyət həyatında oynadığı mühüm rolu hər zaman tanıyıb və dəstəkləyib.
Ölkəmiz ənənəvi multikulturalizm və tolerantlıq siyasətini bu gün də davam etdirərək müxtəlif dinlərə və mədəniyyətlərə mənsub insanların bərabər şəraitdə yaşamasını təmin etməkdədir. Azərbaycan dövlətinin əsaslandığı dünyəvilik prinsipləri milli və dini dəyərlərin əhəmiyyətini xüsusi vurğulamaqla onu həyatımızın əsas məzmunu, ailə institutunun isə dayağı kimi müəyyən edir.
“Bu baxımdan Azərbaycan ailə modeli də milli identikliyin və dini dəyərlərin üzərində qurulub. Bu dəyərlərin düzgün təbliği isə ailə institutunu hər cür kənar təsirlərdən qoruyur. Odur ki, dini maarifləndirmə işi yalnız dini icmalar və ibadət ocaqları ilə məhdudlaşmayaraq müvafiq dövlət orqanlarının da fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir”, - deyə Bahar Muradova bildirib.