2 minədək burun çəpəri əməliyyatı yerinə yetirilib

23 Dekabr 2024 12:02 (UTC+04:00)

Burun çəpər əyriliyi burun boşluğunu iki hissəyə ayıran qığırdaq və sümükdən ibarət çəpərin əyilməsi nəticəsində yaranan bir vəziyyətdir. Bu hal burun tənəffüsünü çətinləşdirdiyi üçün yuxunun pozulmasına, baş ağrıları və ümumi həyat keyfiyyətinin azalmasına səbəb ola bilər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində icbari tibbi sığorta hesabına 2000-ə yaxın burun çəpəri əməliyyatı icra olunub.

Qeyd edək ki, burun çəpər əyriliyi irsən keçə və anadangəlmə ola bilər. Bundan başqa, travmalar, burun polip və ya törəmələrinin təzyiq etməsi kimi səbəblərin təsirindən də yarana bilər. Çəpər əyriliyi olan xəstələrdə təkrarlanan burun tutulması, kəskin və xronik sinusitlər, xoruldama, burundan tez-tez qan axması, orta qulağın iltihabı, eşitmə və iybilmə funksiyalarının pisləşməsi kimi şikayətlərin yaranması da əmələ gələ bilər. Burun çəpər əyriliyinin müalicəsi yalnız cərrahi yolla mümkündür. Lakin əyriliyin mövcudluğu faktı cərrahi müdaxiləyə göstəriş deyil. Çəpər əyriliyi burun tənəffüsünün çətinləşməsinə, diskomfort və yanaşı, xəstəliklərə səbəb olduğu hallarda əməliyyat aparılır.

Əməliyyatdan əvvəl diaqnozun dəqiqləşdirilməsi üçün burun rentgenoqrafiyası, tibbi göstərişə əsasən KT, MRT və laborator analizlər kimi bir sıra diaqnostik müayinələr aparılır. Həmin müayinələr, eləcə də əməliyyatın xərci icbari tibbi sığorta çərçivəsində qarşılanır.

Məlumat üçün bildiririk ki, burun çəpər əyriliyi ilə bağlı əməliyyatlarda müasir tibbi texnologiya və beynəlxalq standartlara uyğun tibbi alətlərdən istifadə olunur.

İcbari tibbi sığorta ilə həmin əməliyyat tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində (özəl və müvafiq dövlət qurumlarının tabeliyindəki) icra olunur.