"2024 ili ərzində 80 təcili tibbi yardım maşını alınıb"

23 Dekabr 2024 11:56 (UTC+04:00)

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi üzrə birləşdirmə prosesi uğurla başa çatıb”. SİA xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib. O qeyd edib ki, il ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi üzrə birləşdirmə prosesi uğurla aparılaraq yekunlaşdırılıb: “Yeni yaradılan Respublika Pediatriya Mərkəzi, Ağciyər Xəstəlikləri Mərkəzi, “Rəqəmsal Tibbi Həllər” MMC və İnnovasiya və Təchizat Mərkəzinin ştat və strukturu formalaşdırılıb. Təhvil alınan Dəmir Yol Xəstəxanasının işçilərinin tabeli tibb müəssisələrində işlə təmin edilmə prosesi müvəffəqiyyətlə yekunlaşdırılıb. 21 müəssisənin ümumi ştat və strukturu dəyişilib.

TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin dərman, sarğı ləvazimatlarının və materiallarının, maddi-texniki bazasının, kadr təminatının və digər xərclərin maliyyələşdirilməsi sahəsində İnnovasiya və Təchizat Mərkəzi tərəfindən işlər görülüb. Hazırda şəkərli diabet xəstələrinin vahid elektron registrində qeydiyyatda olan ümumi xəstə sayı 322 min 353 nəfərdir ki, onlar da zəruri preparatlarla təmin olunub.

V.Qurbanov əlavə edib ki, B və C virus hepatitli xəstələrin virusəleyhinə dərman preparatları ilə təmin olunması üzrə Komissiya tərəfindən isə 1 dekabr 2024-cü il tarixinə olan məlumatlara əsasən 512 xəstə 6 aylıq periodlarla hepatit B əleyhinə, 1055 xəstə isə il ərzində hepatit C əleyhinə dərman vasitələri ilə təmin edilib.

Bir sıra tibb müəssisələrində əsaslı təmir işləri aparılır. Tibb müəssisələrində daşınmaz əmlakın əsaslı təmiri, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülə bilən tikililərin, kənd yerlərində modul tipli tibb məntəqələrinin tikintisi və quraşdırılması TƏBİB tərəfindən icra olunur.

Klinik Tibbi Mərkəzin 2 əsas korpusununəsaslı təmir layihələndirilməsi üzrə tender prosesinə, Respublika Klinik Xəstəxanasının isə tam əsaslı təmir işlərinə başlanılıb, Nərimanov Tibb Mərkəzinin yenidən qurulması həyata keçirilir. 2024-cü il ərzində 80 təcili tibbi yardım maşını alınıb. Cari il ərzində yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilinin satın alınması həyata keçirilib.

2024-cü il 11 ayı ərzində daxil olmuş şikayətlərin araşdırılması istiqamətində tibb müəssisələrində 32 yerində yoxlama həyata keçirilib, aparılmış araşdırma aparılıb, 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub. Tabeli tibb müəssisələrində tibbi və inzibati idarəetmənin fəaliyyətinin yoxlanılması istiqamətində 29 planlı, 7 növbədənkənar monitorinq həyata keçirilib.

Aparılmış monitorinq nəticəsində aşkarlanmış nöqsanlara yol verən 57 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitlə bağlı yoxlanışlar da diqqətdən kənarda qalmayıb. 85 tibb müəssisəsində yerində yoxlamaların keçirilməsi və aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində müəssisələrə köməklik göstərilib”.

TƏBİB-ə 24 mindən çox vətəndaş müraciəti daxil olub. 2024-cü ildə TƏBİB-ə daxil olan vətəndaş müraciətlərinin sayı və onların strukturlaşmış şəkildə cavablandırılması, həmçinin minnətdarlıq məktubları və təşəkkür zənglərinin artımı müşahidə edilib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində TƏBİB-ə elektron sənəd dövriyyəsi sistemi üzərindən və kağız daşıyıcıda ümumilikdə 24 min 265 vətəndaş müraciəti (birbaşa vətəndaşlardan və təşkilatlardan vətəndaşla bağlı) daxil olub: “Bu müraciətlərdən 13 min 120-si ərizə, 11 min 117-si şikayət, 28-i isə təklif olub. TƏBİB-in rəsmi elektron poçt ünvanına isə 23 min 247 müraciət daxil olub.

2024-cü ilin 11 ayı ərzində TƏBİB-də 5 561 vətəndaşın qəbul edilməsi təmin edilib. Cari ilin 11 ayı ərzində Çağrı xidməti şöbəsinə daxil olan müraciətlərin sayı isə 101 min 853 olub”.