Son illərdə ölkəmizdə valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının qorunması və onların ailə mühitinə qovuşdurulması istiqamətində mühüm islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilmiş müvafiq fərmanlar və yaradılmış müasir idarəetmə mexanizmləri bu sahədə şəffaflığı və operativliyi təmin edir. Xüsusilə, övladlığagötürmə prosesinin elektronlaşdırılması və effektiv monitorinq sistemlərinin tətbiqi ilə uşaq hüquqlarının qorunması daha da gücləndirilib. 2024-cü ilin göstəriciləri bu sahədə atılan addımların uğurlu nəticələrini bir daha sübut edir. Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin SİA-ya verdiyi məlumata görə, Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bundan sonra “Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılmaqla övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilib, bu sahədə yeni müasir idarəetmə mexanizmi yaradılıb, övladlığagötürmə prosesinin elektronlaşdırılması, əlçatanlığı, operativliyi və şəffaflığı təmin olunub.
2024-cü ilin ötən dövründə 162 uşaq övladlığa verilib. Onlardan 79 nəfəri oğlan, 83 nəfəri isə qızdır. Övladlığa verilən uşaqlardan 78 nəfəri yaxın qohumu tərəfindən övladlığa götürülüb. Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır. Reinteqrasiya tədbirləri də davam edir. Həmin tədbirlər nəticəsində bu il müəssisələrdən 209 uşaq öz ailəsinə qaytarılıb. Həmin uşaqlardan 116 nəfəri oğlan, 93 nəfəri isə qızdır.
Həyata keçirilən sosial müdafiə tədbirləri və mühüm sosial proqramlarla həssas əhali qruplarından olan şəxslər daim dövlət qayğısı ilə əhatə olunurlar. Bu tədbirlər həmin kateqoriyadan olan uşaqları da əhatə edir. Mütəmadi olaraq onların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası, eləcə də asudə vaxtlarının səmərəli təşkili baxımından əhəmiyyətli olan müxtəlif görüşlər təşkil edilir.
Xeyrənsə Piriyeva