“Cari ilin 11 ayı ərzində 10 min 284 qazimizin 87 min 757 müraciətinə uyğun olaraq 251 min 82 tibbi xidmət göstərilib”. SİA xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib. O qeyd edib ki, şəhidlərimizin ailə üzvlərindən 6 min 43 vətəndaşın 46 min 526 müraciətinə uyğun olaraq 161 min 901 tibbi xidmət göstərilib: “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ saxlanılan Həkim Məsləhət Komissiyalarının yekun siyahısı hazırlanıb və həmin siyahıya əsasən göndəriş vermək hüququ saxlanılan TƏBİB tabeli tibb müəssisələrinin sayı 24-ə çatdırılıb.
2024-cü il ərzində əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibb müəssisələri tərəfindən 61 min 260 nəfərə göndəriş rəsmiləşdirilib və Tibbi-Sosial Ekspert Komissiyasına göndərilib”.
İcraçı direktor əlavə edib ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə TƏBİB arasında Xaçmaz, Qusar, Quba, Şabran və Siyəzən rayonlarının inzibati əraziləri üzrə ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan və ehtiyatda olan vətəndaşların tibbi müayinəsinə dair pilot layihəyə başlanılıb.
TƏBİB-in tabeli tibb müəssisələrində 93 mindən çox işçi çalışır.
Hazırda TƏBİB-in nəzdindəki 91 publik hüquqi şəxsin 2 701 tabeli müəssisəsi var. Bu müəssisələrdə 93 min 64 işçi çalışır, onlardan 16 min 695-i həkimdir.
TƏBİB aparatında isə 315 nəfər fəaliyyət göstərir. 2024-cü il ərzində də peşəkar kadrların TƏBİB ailəsinin sıralarına qoşulması üçün işlər aparılıb.
2024-cü il ərzində tabeli tibb müəssisələrinə müsahibə tələb olunan vəzifələr üzrə 1 245 müraciət daxil olub. Onlardan 711 müraciətə müsbət rəy verilib. 79 namizəd tabeli tibb müəssisələrinin rəhbər vəzifələrinə qəbul olunub. İşə qəbulla bağlı daxil olan tabeli müəssisələr üzrə müsahibəsiz müraciətlərə dair isə 748 müraciət daxil olub. Onlardan 494 nəfərə müsbət rəy verilib.
TƏBİB aparatında çalışmaq üçün isə 306 namizəd müsahibə mərhələsinə cəlb olunub. Onlardan 69 əməkdaş işə qəbul olunub.
V.Qurbanov əlavə edib ki, il ərzində “Azərbaycan Tibb Universitetinin Müalicə və profilaktika fakültəsinin yuxarı kurs tələbələrinin TƏBİB-in tabeli tibb müəssisələrində orta tibb heyəti kimi işə qəbulu” layihəsi də keçirilib: “100 tələbə imtahandan uğurla keçərək təlimlərə cəlb olunub. “TƏBİB könüllüləri” layihəsi çərçivəsində isə tabeli müəssisələrdə ümumi könüllülük fəaliyyətinə 150-dən çox tələbə cəlb olunub.
Çalışmanın yaş həddi ilə Bakıda yerləşən tibb müəssisələrindən xitam olunmuş həkim mütəxəssislərin regionlardakı tibb müəssisələrinə işə qəbulu layihəsi uğurla icra olunur.
29 namizəd müəssisələrə yönləndirilib, onlardan 11-i işə qəbul olunub. Əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə vaxtaşırı təlimlər də keçirilib. TƏBİB aparatı üzrə 361 əməkdaş təlimlərə cəlb olunub.
Tabeli tibb müəssisələrinin işçiləri üçün ümumilikdə cari ilin 11 ayı ərzində 435 təlim təşkil olunub. Bu tədbir və təlimlərdə 33 min 577 nəfər iştirak edib”.