Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı Böyük Britaniyanın Pensiya İdarəetmə İnstitutunun builki “Pinnacle Awards” müsabiqəsində münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, portal müsabiqənin “Təsir” kateqoriyası üzrə mükafata layiq görülüb.
İnstitutun hər il keçirdiyi müsabiqələr pensiya idarəçiliyi və əlaqəli sahələrdə uğurlu təcrübələri üzə çıxararaq tanıtmaq məqsədi daşıyır.
2019-cu ildən istifadəyə verilən e-sosial.az portalı vətəndaşlara onların sosial məlumatlarına real vaxt rejimində çıxış və sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı verir.
Ötən dövrdə portal Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Sammitinin müsabiqəsində “Çempion layihə” mükafatına, Beynəlxalq Sosial Təminat Assosiasiyanın “Ən yaxşı təcrübə üzrə nailiyyət mükafatı”ına, "iESE - The Public Sector Transformation Partner” beynəlxalq qurumunun “Mükəmməllik sertifikatı”na və digər beynəlxalq mükafatlara layiq görülüb.