Xırdalan şəhərinin 3 əsas girişindən biri olan Heydər Əliyev prospektində yol bərbad vəziyyətdədir. Şikayətçinin sözlərinə görə, tamamilə dağılmış vəziyyətdə olan yolda gün ərzində onlarla avtomobil sıradan çıxaraq yolda qalır. Yolun bərbad olması yol qəzalarını da çıxılmaz edir. Mövzu ilə bağlı SİA-nın sorğusuna cavab olaraq Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən açıqlama verilib.
Qurumdan bildirilib ki, öncəliklə Xırdalan şəhərindəki akademik Həsən Əliyev küçəsində bu il ərzində 2 dəfə nümayəndəlik tərəfindən cari təmir işləri həyata keçirilib: “Lakin yağan son intensiv yağışlardan sonra ərazidə yenidən çalaların əmələ gəldiyi müşahidə olunmaqdadır. Belə ki, Xırdalan şəhərində çirkab suları 1 nömrəli nasosxanadan mərkəzi nasosxanaya (26 nömrəli) ötürülür. 1 saylı nasosxanaya yaxın kanalizasiya xətlərində çirkab suların daşması nəticəsində akademik Həsən Əliyev küçəsinin asfalt örtüyü ziyan görmüşdür. Kanalizasiya xətlərində çirkab sularının daşmasının da əsas səbəbi 26 nömrəli nasosxanada yenidənqurma işlərinin aparılmasıdır.
Hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Xırdalan şəhərinin çirkab sularının tam çıxarılması üçün yenidənqurma işləri həyata keçirilir. Bu ilşlərin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulmuşdur. Eyni zamanda yaxın günlərdə Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən akademik Həsən Əliyev küçəsində yenidən cari təmir işləri aparılacaqdır.
Məlumat üçün onu da bildirək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bilgəh qəsəbəsi-Novxanı-Sumqayıt istiqamətində tikilən avtomobil yolunun tərkib hissəsi olan Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam edir. Akademik Həsən Əliyev küçəsi də bu layihəyə daxildir. Belə ki, 1b texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 28 km, hərəkət hissəsinin eni 22.5 m, ayrıcı zolağın eni 4 m, hərəkət zolaqlarının sayı 6-dır.
Layihə üzrə müxtəlif (əsasən boş) ərazilərdə hissə-hissə aparılan tikinti işləri “İnşaat Norma və Qaydaları”na əsasən, texnoloji ardıcıllığa uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən keyfiyyətlə icra olunur”.
Ayşən Vəli