Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
SİA-nın məlumatına görə, nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən iki mənzilə və yaşayış binasının yaxınlığında park edilmiş 4 avtomobilə ziyan dəyib, dörd nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən xəsarət almış şəxslərin təxliyəsi, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.