Argentina Nüvə Planını açıqladı

22 Dekabr 2024 17:54 (UTC+04:00)

Argentina prezidenti Xavyer Milei ölkəsinin enerji siyasətində yeni dövr açacaq Argentina Nüvə Planını açıqlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu yeni plan Argentinanın yerli texnologiyası ilə hazırlanacaq və Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA/OIEA) dəstəyilə həyata keçiriləcək.

Hökumət nüvə enerjisi potensialını artırmağı və ölkənin bu sahədə müstəqil texnoloji imkanlarını gücləndirməyi qarşısına məqsəd qoyub.

Bundan əlavə, plan enerji təhlükəsizliyini təmin etmək və nüvə texnologiyasından beynəlxalq standartlara uyğun olaraq tamamilə dinc şəkildə istifadə etmək məqsədi daşıyır.

Planın təfərrüatları haqqında danışan prezident Mileinin baş müşaviri və layihə rəhbəri Demian Reidal iddialı bir baxış irəli sürdüklərini bildirərək deyib: "Onilliklər davam edən tənəzzüldən sonra nüvə enerjisi zəfərlə qayıdır. Biz bu yarışda nəinki geridə qalmayacağıq, həm də öncül olmağı planlaşdırırıq. Prosesin mərkəzində Argentinanın nüvə mühəndisləridir. Bu, nüvə enerjisinin Argentina və dünyanın enerji gələcəyinin təməl daşlarından biri olacağını simvollaşdıran iddialı bir plandır”.

Qeyd edək ki, hazırda Argentinada üç aktiv atom elektrik stansiyası var: “Atucha I”, “Atucha II” və “Embalse”.