Futbol üzrə Almaniya çempionatının 15-ci turunun ikinci oyun günü məhsuldar qarşılaşmalarla yadda qalıb. Gün ərzində oynanılan altı görüşün üçündə ev sahibləri, üçündə isə qonaqlar qalib gəliblər. İki qarşılaşmada 5:1 hesablı nəticə qeydə alınıb. SİA xəbər verir ki, doğma meydanda “Holştayn Kiel” komandası “Auqsburq”u, “Bayer Leverkuzen” isə “Frayburq”u 5:1 hesabı ilə darmadağın edib. “Verder Bremen” ev oyununda “Union Berlin”i məğlubiyyətə uğradıb - 4:1. Ötən tur səfərdə “Leyptsiq”ə uduzan (1:2) “Ayntraxt Frankurt” evdə “Maynz 05”ə 1:3 hesabı ilə məğlub olub. “Borussiya Münxenqladbax” səfərdə “Hoffenhaym”a 2:1, “St. Pauli” isə “Ştutqart”a 1:0 hesabı ilə qalib gəlib.
Bundesliqanın 15-ci turuna bazar günü oynanılacaq “Boxum 1848” – “Haydenhaym” və “Volfsburq” – “Borussiya Dortmund” görüşləri ilə yekun vurulacaq.
Xatırladaq ki, turun Münxendə keçirilən açılış matçında da 5:1 hesablı nəticə qeydə alınmışdı. Çempionatın lideri “Bavariya” bu hesabla “Leyptsiq”i məğlub etmişdi.
Hazırda “Bavariya” 36 xalla çempionatda liderliyi davam etdirir. Onu 32 xalla “Bayer Leverkuzen” izləyir. Aktivlərində 27 xal olan “Ayntraxt Frankurt” və “Leyptsiq” üçüncü və dördüncü pillələrdə qərarlaşıblar.