Çad Fransa qoşunlarının ərazisindən çıxarılmasını tələb edir

21 Dekabr 2024 22:15 (UTC+04:00)

Çad orqanları Paris hökumətindən 2025-ci il yanvarın 31-dək ölkədəki bütün fransız qoşunlarını çıxarmağı tələb edib.

SİA xəbər verir ki, Fransanın RFI radiosunun yaydığı məlumata görə, Çad orqanları Paris hakimiyyətinə fransız qoşunlarının yanvarın 31-dən əvvəl ölkələrindən çıxarılması tələbini çatdırıb. Bu tələb çərçivəsində Çadda yerləşən 1000 Fransız əsgəri və hərbi texnikası 6 həftə ərzində geri çəkilməlidir.

Fransanın hərbi mənbələri bütün fransız əsgərlərinin bu müddət ərzində geri çəkilməsinin qeyri-mümkün olduğunu bildiriblər. Eyni mənbələr, fransız qoşunlarının çıxarılması ilə bağlı Fransa və Çad hakimiyyəti arasında danışıqların davam etdiyini qeyd ediblər.

Çad orqanları yanvarın 31-dək bütün fransız qoşunlarının çıxarılmasını tələb etdiyini təsdiqləyib.

Çad hökuməti noyabrın 28-də Fransa ilə müdafiə sənayesi və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirmək məqsədilə imzalanan müqaviləni ləğv etmək qərarına gəldiyini açıqlayıb.

Çad Baş Qərargahının dekabrın 10-da verdiyi açıqlamada Fransa döyüş təyyarələrinin ölkəni tərk etməyə başladığı bildirilib.