Bu gün Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş, tanınmış isveçli fotoqraf və rejissor Mikael Silkeberqin Naxçıvanda lentə aldığı “Nuhun izi ilə” sənədli filminin Beynəlxalq Muğam Mərkəzində təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Daha sonra musiqisi Nazim Quliyevin, sözləri Bəxtiyar Əsgərovun olan "Naxçıvan şikəstəsi" qonaqlara təqdim edilib.
Bunun ardınca Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov çıxış nitqi ilə çıxış edib: "Bu günkü müstəqil Azərbaycan bütün sahələrdə uğurlar əldə edib. Ulu Öndər Heydər Əliyev Azərbaycanı həmişə firavan görmək istəyirdi. Bu gün Ulu Öndərin ruhu şaddır. Bu filmin beynəlxalq aləmdə yayılması Azərbaycan mədəniyyətinə öz töhfəsini verəcəkdir. Bu iş Azərbaycan mədəniyyətini, irsini təbliğ edən Heydər Əliyev Fonduna da töhfədir. Mən hamını təbrik etmək istəyirəm, düşünürəm ki, çox uğurlu oldu".
Sonra söz Azərbaycan Respublikasının UNESKO üzrə Milli Komissiyasının nümayəndəsi cənab Mustafa Şabanova verilib.
Filmin müəllifi Mikael Silkeberq çıxış edərək Naxçıvan, onun gözəllikləri, Azərbaycan mədəniyyəti haqqında öz fikirlərini tamaşaçılarla bölüşüb.
Tədbirin sonunda "Nuhun izi ilə" filmi təqdim olunub. Tədbir yüksək əhval-ruhiyyə ilə sona çatıb.