Naxçıvan karateçisi ölkə çempionu olub - FOTO

21 Dekabr 2024 13:03 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu üzrə ölkə birinciliyi və çempionatı keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, yarışlarda 35-dən çox klub və nümayəndəlikdən 300-ə yaxın karateçi öz qüvvəsini sınayıb.

Ölkə çempionatında muxtar respublika idmançılarından ikisi mükafatçılar sırasına düşüb. Vüsal Seyidov 18-20 yaşlılar arasında bütün rəqiblərini üstələyərək ölkə çempionu olmağı bacarıb. Vüsal, eyni zamanda, 18+ yaş kateqoriyasında gümüş medal da qazanıb. Digər təmsilçimiz Məhəmməd Bağırov isə 16-17 yaşlılar arasında gümüş medala layiq görülüb.

Qeyd edək ki, ilk üç yeri tutmuş idmançılar ənənəvi karate üslubu üzrə milli komandanın tərkibinə cəlb olunmaqla, 2025-ci ildə keçiriləcək dünya və Avropa çempionatlarında ölkəmizi təmsil etmək imkanı qazanıb.