AKTA-nın 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

21 Dekabr 2024 01:40 (UTC+04:00)

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə AKTA Ümumi Yığıncağının üzvləri və AKTA ekspertləri, eləcə də AKTA-nın tərəfdaş qurum və təşkilatlarının, o cümlədən ali təhsil müəssisələri və şirkətlərin rəhbər və nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında AKTA İdarə Heyətinin sədri Elvin Balacanov 2024-cü il ərzində qurum tərəfindən həyata keçirilən fəaliyyətin yekunlarına dair hesabatı təqdim edib. O, qeyd edib ki, hesabat dövründə AKTA üzvlüyünə qəbul edilmək üçün yeni müraciətlərin sayı əvvəlki illə müqayisədə artıb. Bildirilib ki, cari il ərzində edilmiş 121 müraciətə baxılaraq 12-i hüquqi şəxs, 22-i fiziki şəxs olmaqla 34 nəfər AKTA üzvlüyünə qəbul olunub və bununla da, üzvlərin sayı 146-ya çatıb.

AKTA tərəfindən hesabat dövründə 68 müxtəlif tədbirin (forum, konfrans, seminar, vebinar, yarış, təlim və s.) təşkil edildiyi və bu tədbirlərə 7000-dən çox iştirakçının cəlb edildiyi bildirilib. Qeyd olunub ki, bu istiqamətdə əldə edilmiş nəticələr ötən ilin göstəricisi ilə müqayisədə iki dəfə çoxdur.

Kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə 70-dən çox yerli və xarici qurum, təşkilat və şirkətlə görüş və müzakirələrin keçirildiyi, eləcə də beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə AKTA heyətinin 9 xarici işgüzar səfərinin təşkil edildiyi (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları) vurğulanıb.

Maarifləndirmə və kadr potensialının gücləndirilməsinə dəstək verilməsi məqsədilə 2024-cü il ərzində 34 seminar/vebinarın, 20 təlimin təşkil edildiyi və bu tədbirlərin 4000-dən çox iştirakçını əhatə etdiyi bildirilib. Həmçinin, təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirildiyi və 18 ali təhsil müəssisəsində kiber klubların yaradılmasına və fəaliyyətinə dəstək verildiyi qeyd olunub.

Tədqiqat və inkişaf istiqamətində hesabat dövründə AKTA tərəfindən 12 layihənin həyata keçirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. O cümlədən, ölkənin qlobal kibertəhlükəsizlik reytinqlərində mövqeyinin gücləndirilməsi məqsədilə həyata keçirilən fəaliyyət nəticəsində, “Qlobal Kibertəhlükəsizlik İndeksi” (“International Telecommunication Union”) və “Milli Kibertəhlükəsizlik İndeksi” (“e-Governance Academy Foundation”) üzrə reytinq cədvəllərində Azərbaycan tərəfindən ən yüksək qiymətləndirmə nəticələrinin əldə olunması təmin edilib. AKTA sədri qeyd edib ki, assosiasiya tərəfindən yerli şirkətlərin potensialının ölçülməsi məqsədilə “Milli Kibertəhlükəsizlik İndeksi” yaradılıb.

Habelə, qeyd olunub ki, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və informasiya texnologiyaları sahəsində müxtəlif mövzular, sektor və texnoloji domenlər üzrə AKTA üzvlərindən ibarət ekspert komitələri (“Kibertəhdidlər, prosedur və texniki məsələlər komitəsi”; “Təhsil, maarifləndirmə və insan resursları komitəsi”, “Həllər, texnologiya və innovasiyalar komitəsi”) formalaşdırılıb.

Diqqətə çatdırılıb ki, AKTA tərəfindən ölkə xaricində İT və kibertəhlükəsizlik sahəsində çalışan peşəkar həmyerlilərimizin qlobal miqyaslı virtual icması və şəbəkələşmə platfotması olan Kiber Diaspora yaradılıb. Hazırda ABŞ, Kanada, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Estoniya, Litva, Birləşmiş Krallıq və Polşada fəaliyyət göstərən 20 nəfər həmyerlimiz bu platformanın üzvüdür.

AKTA tərəfindən icra edilən “Kiber yay məktəbi” (“Cyber Summer School”) layihəsinin “Tərəqqi və rifah naminə kibertəhlükəsizlikdə innovasiya” devizi altında təqdim edilən OIC-CERT “Qlobal Kibertəhlükəsizlik Mükafatı 2024”ün (“OIC-CERT Global Cybersecurity Award 2024”) qalibi seçildiyi diqqətə çatdırılıb.

Qısa fasilədən sonra, AKTA sədri assosiasiyanın 2025-ci il üzrə Tədbirlər Planının layihəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Növbəti il ərzində AKTA-nın fəaliyyət istiqamətləri üzrə mütəmadi tədbirlərlə yanaşı, bir sıra yeni və xüsusi tədbirlərin təşkilinin nəzərdə tutulduğu bildirilib.

Ümumi Yığıncaq üzvləri və tərəfdaş qurum, təşkilat və şirkətlərin nümayəndələri çıxış edərək, AKTA-nın 2024-cü il üzrə fəaliyyətinin uğurlu hesab edib. Eyni zamanda, 2025-ci il üçün planlaşdırılan tədbirlərə dair müxtəlif rəy və təkliflər səsləndirilib, təşəbbüslər təqdim edilib.