ÜST Ruandada Marburq qızdırması epidemiyasının bitdiyini bildirib

20 Dekabr 2024 20:46 (UTC+04:00)

Dekabrın 20-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Ruanda hökuməti Ebolaya bənzər Marburq qızdırması epidemiyasının bitdiyini elan edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, virusa ilk yoluxma halının baş verdiyi sentyabrın 27-dən bəri ümumilikdə 15 ölüm olub. Yoluxanların ümumi sayı isə 66 nəfərdir. Yoluxmaların əksəriyyəti ilk xəstələrlə təmasda olmuş tibb işçiləri arasında qeydə alınmışdı.

Simptomlara yüksək hərarət, əzələ ağrısı, qarın sancılanmaları, ishal, qanlı qusma və qanaxma daxildir.

Marburq virusu üçün təsdiqlənmiş peyvənd və ya müalicə yoxdur. Amma Ruanda bu xəstəliklə bağlı oktyabr ayında sınaqdan keçirilən bir peyvənddən yüzlərlə doza alıb.

ÜST bildirir ki, Ruandada oktyabrın 30-dan bəri yeni yoluxma halları qeydə alınmayıb.

Marburq virusu insanlara meyvə ilə qidalanan iri yarasalardan (iriqanadlılar) keçir və yoluxmuş insanların bədən mayeləri, toxunduqları səthlər və əşyalarla birbaşa təmas yolu ilə digər insanlar arasında yayılır.