Makronun Mayotda dediyi sözlər Fransa müxalifətini qəzəbləndirib

20 Dekabr 2024 18:32 (UTC+04:00)

Mayot Fransa departamenti olmasaydı, qurbanlar daha çox problemlər içində olardı.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, istefa çağırışı ilə üzləşən Prezident Emmanuel Makron bu sözləri yalnız Mayot xalqının deyil, həmçinin fransız müxalifətinin də qəzəbinə səbəb olub. Mayotda Çido siklonunun keçməsindən 6 gün sonra E.Makronun ada sakinləri qarşısında verdiyi açıqlamalar fransız müxalifəti tərəfindən şiddətlə qınanılıb. Müxalifətdə olan siyasətçilər, ilk növbədə, E. Makronun təkəbbürlü və dərs vermək kimi münasibətini qınayıblar.

Mayotda “Makron istefa!” deyə şüarlar səsləndirən izdihamla üzləşən E.Makron özündən çıxmış halda söyləyib: “İnsanlara qarşı çıxmayın! Əgər insanları bir-birinə qarşı qoysanız, onda hər şey məhv olar, çünki Fransada olmaqdan xoşbəxtsiniz. Çünki Fransa olmasaydı, 10 min dəfə daha çox bəlaya düçar olardınız!. Hind okeanında insanlara bu qədər çox kömək etdiyimiz yer yoxdur”.

Milli Birlik (RN) partiyasının deputatı S.Çenu bildirib ki, bu sözlər, bu cür ifadələr həmişə özgə rəftar görən mayotlulara təskinlik verməyəcək. Digər deputat bunun Mayot sakinlərinə qarşı hörmətsizlik olduğunu və E.Makronun təkəbbürünü əks etdirdiyini bildirib.

“İkinci Dünya müharibəsindən bəri ən böyük insan fəlakətimiz var və biz Makron şousu nümayiş etdiririk”, - deyə deputat S.Russo deyib.