"Lotereya biletlərinin bədbəxt etdiyi ailələrlə rastlaşıram" - ŞƏRH EDİLDİ

20 Dekabr 2024 16:52 (UTC+04:00)

"Hər zaman belə olub, bu gün də elədir ki, insanlar tanrıdan ani var-dövlət, yaxud qızıl balıqdan hər şeyi istəyirlər". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, o cümlədən də bu istəyin yeni forması, ani və idman lotereyaları təşkil edir: "Bu lotereyada öz evini, var-dövlətini satıb, çoxlu lotereya alan və iflasa uğrayan ailələri, gəncləri, yaşlı adamları görürük. Əlbəttə, lotereyalar bütün dünyada oynanılır və reklam xarakterli xəbərlər eşidirik ki, Amerikada 300 milyon, Avropada 200 milyon dollar kimsə qazanıb. Amma Amerikada 200 milyon adam yaşayır və bu 200 milyon adamdan birinə düşən şansdır. Orada daha ciddi və dövlətin bərk nəzarəti altında keçirilən oyunlarda bu təsadüf edilir. Lakin bizim kimi, xüsusən də post-sovet ölkələrində lotereyaya meyillilik bir növ insanların iqtisadi vəziyyətinin çətin olması, ikincisi isə oyunlara həmişə aludə olmaları və heçnə etmədən, oxumadan, peşəkarlaşmadan, kariyera etmədən, işləmədən, gecə - gündüz əziyyət çəkib ailəni təmin etmədən ani varlanmaq istəyən insanların çoxundan xəbər verir. Bu insanların bir hissəsi tənbəl, bir hissəsi onsuz da, fırıldaqçıdır ki, başqalarının, lotereyanın, Allahın hesabına varlanmaq istəyir. Digərləri sadəcə öz bəxtlərini sınayır, digərləri isə birdən-birə varlanmaq istəyən xəstəlik kimi hopması nəticəsində meydana çıxıb.

Mən daha çox fikir verirəm ki, azart oyunlarının bir çox variantları var, birincisi rəsmi lotereya biletlərini alıb öz bəxtlərini gözləmələri, ikincisi elə insanlar var ki, bununla bağlı xüsusi riyazi modullar işləyirlər. İllərlə eyni rəqəmlər verir, lakin bunlar çox az sayda məbləğlər verirlər, hər lotereya tirajı oynanılan zaman 10-15 manat qoyurlar, gücləri buna çatır. Növbəti lotereyanın daha dəhşətli variantları vardır ki, bu minlərlə adamın evini yıxıb, ailələrin boşanmasına səbəb olub, insanların intiharına gətirib çıxarıb. Xüsusən də, məktəbli uşaqların, yeniyetmələrin intiharına səbəb olub ki, bu da virtual kazinolar, oyunlar, qumarxanalardır. Bununla bağlı KİV-də, Daxili İşlər Nazirliyi, Kiber Təhlükəsizliyinə cavab verən qurumlar tez-tez çıxış edirlər, mütəxəssislər vətəndaşlara aldanmamağı, belə boş işlərə baş qoşmamaları tövsiyyə etsələr də, görürük ki, bu, gündən-günə artır. Mən özüm də sosial verilişdə olan zaman nə qədər lotereya biletlərinin bədbəxt etdiyi ailələrlə rastlaşıram, istər qadınlar olsun, istərsə də kişilər. Son vaxtlar uşaqlar və qadınların da bu məsələyə aludəçi olması çox dəhşətli bir fakta çevrilməkdədir. Qonşu Türkiyədə hər dəfə lotereya oynanılan zaman orada uduş fondunun neçə faizinin hərbi, müharibə fonduna, yaxud elm-təhsil və mədəniyyətin inkişafına yönəldiyi göstərilir".

"Azərbaycanda lotereya təşkil edən qurumlar istər dövlət, istərsə də qeyri-qanuni təşkil edən qurumların hansında mərhəmət, xeyriyyə aksiyası olsun mən heç birində görməmişəm. Ola bilər ki, bəzi lotereya oyunlarında hansısa idman növünə kömək etdiyi bildirilib, amma əksər futbolçular digər idman növləri, ümumiyyətlə, ani lotereyanın uduş fondunun nə qədər olduğu, nə qədər satan biletlərin hansı faizi qədər insanlara yaxud cəmiyyətə, dövlətə vergi verildiyi, kömək edildiyi ilə bağlı ictimai-sosial, mediativ hesabat görməmişik. Nə qədər ki bu qaranlıq hadisəyə çevrilib, nə qədər ki lotereya təşkil edənlər öz niyyətlərini gizlədirlər, bir o qədər də onların toruna düşən olacaq. İnsanlara və vətəndaşlara tövsiyəmiz budur ki, lotereyadan, qızıl balıqdan, internetdən, virtual kazinolardan, smartfonlarda olan oyunlardan pul gözləməkdənsə, daha ciddi işlərlə məşğul olsunlar. Öz bəxtlərini kariyeralarında, işində, yaratmış olduğu hər hansı kiçik işlərində sınasınlar. O zaman tanrı onların yanında olacaq, onlara istədikləri var-dövləti verəcək, onların bəxtinə nə qədər düşürsə, pul verəcək" - deyə o, əlavə edib.