“Belə bir deyim var ki, “Taleyimiz doğulduğumuz evlərdə yazılır”. Əvvəl qələmi analarımız əlinə alır və bizim taleyimizi yazır. Bəs, bu deyim nə qədər doğrudur və
həyatımızda nə qədər bunu çəkirik?”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.
Psixoloq sözlərinə belə davam edib: “İnsanın doğulduğu ev onun bəzi sahələrdə taleyini təyin edir. Məsələn, bir xristianın evində doğulmuş bir uşaq xristian olaraq doğulur, yəni bildiyi dil olur. Bir müsəlmanın evində doğulmuş uşaq müsəlman olaraq doğulur. Deməli, insanın əqidəsini, həyata baxışını, əslində, doğulduğu evləri qərar verir. Daha sonra 7 yaşa qədər insanın həyatı, taleyi travmalarından bəslənir. Yəni, 7 yaşına qədər biz hansı travmaları yaşamışıqsa, hansı problemləri görmüşüksə həyatımızda o problemlərə uyğun da həyat seçimləri edirik. Məsələn, biz daim atamızla anamızı dava edərkən görmüşüksə həmişə ona uyğun rəftarı bizə edəcək bir namizəd tapırıq. Çünki bədənimiz, ruhumuz, beynimiz, düşüncəmiz ondan başqasını tanımır. Elə bilin, siz bir telefonsunuz, “android” sistemi ilə işləyirsiniz. Bu halda, “iPhone”nin işlədiyi sistemi sizin telefonunuz qəbul etməyəcək”.
Psixoloq sözlərinə belə davam edib: “İnsan da belədir. Bilmədiyi dil əgər bunun əzbəri sevilməmək olubsa, ailədə istənilən uşaq olmayıbsa onu sevən qadını və yaxud kişini türklər demiş “bünyəsi” qəbul etməyəcək. Çünki onun tanımadığı, bilmədiyi dildir.
Bəli, bizim bəzən analarımızın taleyi bizim cehizimiz olur. Amma indiki dövrdə artıq fərqindəlik yaranıb deyə insanlar bir şeylərin fərqindədirlər və o şeylərə uyğun hərəkət edirlər deyə dəyişənlər də var. İnsan öz taleyini həmişə dəyişə bilər, insan düşüncələrini dəyişə bilər, insan həyat tərzini dəyişə bilər. Necə ki, bir narkoman və yaxud bir alkoqolizmdən əziyyət çəkən insan bir an içində dəyişilib başqa cür ola bilir”.
Ayşən Vəli