"Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında ziddiyyətli məqamlar var. Daha doğrusu, həll edilməsi çətin görünən məqamlardır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib.
O bildirib ki, artıq Azərbaycan Prezidenti də dedi ki, sülh sazişi layihəsində ilkin variantda 17 maddə var: "Onun 15-i razılaşdırılıb, ikisi qalıb. Prezident də iki maddənin nədən ibarət olduğunu açıqladı. Ermənistan konstitusiyasında dəyişiklik edilməsi məsələsi, Atət-in Minsk qrupunun buraxılması məsələsi var. Bunlar hazırda müzakirə edilən məsələlərdir. Amma bununla yanaşı iki ayrıca ən ziddiyyətli məsələ də var. Ermənistan "Alma-Ata prinsipini" irəli sürür. "Alma-Ata bəyannaməsi" əsas götürülərək delimitasiya məsələsini dəstəkləyir. Ermənistanın hazırkı ərazisini qorumaq məqsədi daşıyır. Çünki SSRİ dövründə ermənilərə bağışlanan Azərbaycan torpaqları var. Ermənistan çalışır ki, Azərbaycan həmin torpaqlar üzərində ermənilərin legitimliyini tanısın. Bu, Azərbaycanın prinsiplərinə uyğun deyil.
Ziddiyyətli məqamlara baxdıqda sülh ilə bağlı nə qədər ümidlər, çağırışlar olsa da, bunun praktiki olaraq imzalanması 2025-ci ildə çətin görünür. Bəllidir ki, 2025-ci ildə daha aktiv danışıqlar dövrü olacaq. Hesab edirəm ki, indiyə qədər Bayden administrasiyası ilə Rusiya arasındakı qarşıdurma Azərbaycan-Ermənistan danışıqlarına təsir edirdi. Bir çox halda prosesin tormozlanmasına, danışıqların aparılmasına mane olurdu. Çünki hər iki tərəfin bölgədə öz maraqları var. Hər iki tərəf öz maraqlarını Bakı-İrəvan üzərindən həyata keçirməyə çalışır. Əgər Tramp gəldikdən sonra Rusiya ilə müəyyən anlaşmalar olarsa, Cənubi Qafqazda daha az gərgin dövr ola bilər. Bu isə Bakı-İrəvan arasındakı danışıqları daha effektiv edə bilər. Lakin yenə də yekun sülh sazişinin imzalanması gözləntisində ziddiyyətli məqamlar var".
"Ermənistan konstitusiyasının dəyişdirilməsi 2026-cı ilin dekabrına qədər nəzərdə tutulub. Qəbul məsələsi 2027-ci ildə olmalıdır. Bu isə o deməkdir ki, qarşıdakı dövrdə sülhlə bağlı hər hansı imzalanma olması çətindir. Sülh sazişinə dair çərçivə sazişi, ilkin sənəd kimi imzalanma ehtimalı ola bilər. Tərəflər hazırda niyyət protokolu imzalayırlar. Məqsəd budur ki, hər iki tərəf sülh danışıqlarının imzalanmasını istəyir. Tərəflər ziddiyyətli müzakirələri davam etdirə bilərlər. Ermənistan nə qədər sülhdən danışsa da, həm də silahlanır. Bölgədə maraqlı olan Qərb Ermənistan üzərindən niyyətini həyata keçirməyə çalışır. Bu da sülhdən çox hərbi riski artırır. Sülhlə bağlı daha böyük gözləntilər ortaya çıxıb. Bu, daha çox Ermənistana dəstək olan qüvvələrin bölgədə ata biləcəyi addımlardan da asılıdır" - deyə o, əlavə edib.