Təhsil tələbə krediti nədir? Necə əldə olunur? Tələbələr üçün hansı üstünlükləri vəd edir? SİA mövzu ilə bağlı Təhsil Tələbə Krediti Fondundan məlumat alıb.
Təhsil Tələbə Krediti Fondundan bildirilib: "Fond təhsilin əhatə dairəsini genişləndirmək, əlçatanlığını təmin etmək və təhsil almaqda bərabər imkanlar yaratmaq məqsədilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb. Təhsilin əhatə dairəsini genişləndirmək, əlçatanlığını təmin etmək və təhsil almaqda bərabər imkanlar yaratmaq məqsədilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb.
Təhsil tələbə kreditləri (TTK) respublikamızın ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin (dövlət, özəl, xüsusi təyinatlı və xarici təhsil müəssisələrinin Bakı filiallarında) ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində əyani təhsil alan və yeni qəbul olunmuş tələbələr üçün nəzərdə tutulub.
Təhsil tələbə kreditləri illik 2 faiz dərəcəsi ilə verilən sosial TTK və illik 6 faiz dərəcəsi ilə verilən standart TTK olmaqla iki növə ayrılır. Kreditin qaytarılma müddəti 10 ildir. TTK-dan yararlanmaq istəyən tələbələrdən zaminlik və girov tələb olunmur, təhsil müddətində TTK-ya heç bir faiz hesablanmır və kreditin geri qaytarılması tələb edilmir.
Təhsil tələbə kreditlərinin verilməsinə başlanıldığı 25 noyabr 2021-ci il tarixindən 30 oktyabr 2023-cü il tarixinədək fonda 35 000-ə yaxın tələbə müraciəti daxil olub.
2023–2024-cü tədris ilinin payız semestri üzrə 8 319 tələbə kredit üçün müraciət edib, onlardan 5 582 nəfərin müraciəti rəsmiləşdirilib. Həmin müraciətlər üzrə 1 955 nəfər sosial TTK, 3 627 nəfər isə standart TTK-dan yararlanıb. Payız semestri üzrə müraciətlərin qəbulu semestr sonuna kimi davam edəcək".