Bu ilin 11 ayında 174 min pensiya, müavinət və təqaüd təyinatı elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 33 mini pensiya, 141 mini müavinət və təqaüd təyinatları olub.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb. Proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilməsinə imkan verir", - deyə məlumatda bildirlib.