NATO-nun ali hərbi orqanı olan Hərbi Komitənin 2025-ci il 15-16 yanvar tarixlərində Brüsseldə iclası olacaq. SİA xəbər verir ki, bu barədə Alyans məlumat yayıb.
Bildirilib ki, Alyansın müdafiə rəisləri NATO-nun tərəfdaş ölkələrindən olan 20-dən çox həmkarı ilə görüşəcəklər.
İclasa Hərbi Komitənin sədri admiral Rob Bauer rəhbərlik edəcək. Tədbir NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) general Kristofer Kavoli və Müttəfiqlərin Ali Baş Transformasiya Komandanı (SACT) admiral Pierre Vandier tərəfindən dəstəklənəcək.
Görüş çərçivəsində müdafiə rəisləri Alyans üçün strateji əhəmiyyət kəsb edən məsələləri müzakirə edəcək, eyni zamanda, tərəfdaşlarla əməkdaşlığa və qlobal çağırışlara vahid cavab tədbirlərinə diqqət yetirəcəklər.
Həmçinin NATO-nun davam edən missiyaları və Ukraynaya dəstək müzakirə olunacaq.
NATO-nun Baş katibi Mark Rutte Alyansın əsas prioritetləri və çağırışlarına diqqət çəkmək üçün açılış sessiyasına qatılacaq.