Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Qırğızıstanın paytaxtı Bişkek şəhərində yerləşən Qırğızıstan Beynəlxalq Universitetində olub. SİA xəbər verir ki, rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rauf Həsənov Qırğızıstan Beynəlxalq Universitetinin rəqəmsallaşma üzrə prorektoru Azamat Bagdatov və beynəlxalq təhsil proqramları üzrə koordinatoru Altınbek Anarbek ilə görüşüblər.
Görüş zamanı iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanları müzakirə edilib. Xüsusilə beynəlmiləlləşmə proseslərinin sürətləndirilməsi, birgə akademik və elmi layihələrin həyata keçirilməsi məsələləri diqqət mərkəzində olub.
BDU nümayəndələri universitetin beynəlxalq əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər barədə təqdimat ediblər. Təqdimatda BDU-da rəqəmsallaşma, eləcə də qlobal miqyasda rəqabət qabiliyyətliliyinin artırılması istiqamətlərində görülən işlər xüsusi vurğulanıb.
Qırğızıstan Beynəlxalq Universitetinin nümayəndələri belə əməkdaşlığın hər iki ali təhsil müəssisəsi üçün mühüm perspektivlər vəd etdiyini bildirib, birgə layihələrin və akademik mübadilələrin gələcəkdə daha da genişləndirilməsi istiqamətində niyyətlərini ifadə ediblər.