Bu ilin əvvəlində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yanında təsis edilmiş Beynəlxalq Nizami Gəncəvi Elmi Tədqiqatlar Cəmiyyəti bu günə qədər bir sıra tədbirlər həyata keçirib. İctimai əsaslarla yaradılmış bu cəmiyyətin ilkin mərhələdə tərəfdaşları Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti, Özbəkistan Elmlər Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzi, Ankara Milli Kitabxanası və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətidir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Beynəlxalq Nizami Gəncəvi Elmi-Tədqiqatlar Cəmiyyətinin icraçı katibi, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov il ərzində görülən işlərdən və nəzərdə tutulan tədbirlərdən söhbət açıb. O, cəmiyyət üzvləri ilə koordinasiyalı şəkildə əlaqədə olduqlarını, Nizami Gəncəvi şəxsiyyəti, yaradıcılığı ilə bağlı həm ölkəmizdə, həm də ölkəmizdən kənarda həyata keçirilən tədbirləri, kitab nəşrlərini diqqətdə saxladıqlarını, müzakirələr aparıldığını bildirib. Onun sözlərinə görə, Beynəlxalq Nizami Gəncəvi Elmi-Tədqiqatlar Cəmiyyətinin təşəbbüsü və dəstəyi ilə bir neçə alimin Nizami Gəncəvi yaradıcılığında aparıcı olan türk sevgisindən, coğrafiyasından bəhs edən tədqiqat kitabı da yekunlaşıb.
Qeyd edək ki, cəmiyyətin dəstəyi ilə Əlimuxtar Muxtarovun “Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəb: ilahi və tarixi ədalətin təntənəsi” və “Nizami Gəncəvinin yaradıcılığındakı multikulturalizm ideyası Şərq-Qərb mütəfəkkirlərinin fikirləri müstəvisində” məqalələri Özbəkistanın Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetinin və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin beynəlxalq indeksli jurnallarında ingilis və rus dillərində çapdan çıxıb.
“Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəb: ilahi və tarixi ədalətin təntənəsi” məqaləsində müəllif yazır: “Nizami Gəncəvinin Azərbaycan şairi olmasını təkcə onun əsərlərində türk düşüncə sisteminin, türk ruhunun, milli koloritlərlə zəngin obrazlar sisteminin mövcudluğu deyil, eyni zamanda, mənsub olduğu Azərbaycan xalqının onun adını ölkəmizin və dünyanın dörd bir yanında elm, təhsil, mədəniyyət, ədəbiyyat ocaqlarına verməsi ilə izah etmək mümkündür. Azərbaycanın qədim Xankəndi şəhərində ötən əsrin 40-cı illərində fəaliyyətə başlayan Nizami Gəncəvi adına 4 nömrəli orta məktəb bu tezisin ən mühüm faktlarındandır”.
Müəllif diqqətə çatdırıb ki, Nizami Gəncəvinin ruhu, əsərlərində bəyan edilən milli və bəşəri dəyərlər türk ruhuna kökləndiyi kimi, Xankəndinin də müqəddəs, qədim türk yurdu olması, Qarabağ xanları tərəfindən salınması və ən əsası da tarixin bütün dövrlərində qoynunda Azərbaycan türk övladlarını bəsləməsi, yetişdirib bəşəriyyətə təqdim etməsi həm dahi şairin, həm də bu müqəddəs məkanın Azərbaycan tarixində oynadıqları rolun ən bariz təzahürüdür.
Məqalədə Azərbaycan Prezidentinin çıxışından bu sitat gətirilib: “İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır”. Müəllif vurğulayır ki, bu fikirlər əcdadlarımızdan, Nizami Gəncəvidən gələn milli-mənəvi keyfiyyətlərin ən böyük təzahür forması və bəyannaməsidir.
Ə.Muxtarov diqqətə çatdırıb ki, tarixin ayrı-ayrı dönəmlərində həm Nizami Gəncəvini, həm də Xankəndi şəhərini Azərbaycandan ayırmağa çalışsalar da, xalqımız üçün olduqca milli olan bu iki anlayışın tamamilə Azərbaycana aid olmasını beynəlxalq səviyyədə bəyan edən və özümüzünkü edən xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev olub.
Məqalədə Xankəndidə 1945-ci ildən fəaliyyət göstərən Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbin daha qədim tarixə - XIX əsrə aid olmasından, sonralar - XIX əsrin əvvəllərindən məqsədli şəkildə Qarabağda məskunlaşdırılan ermənilərin bütün cəhdlərlə bu təhsil ocağının Azərbaycan məktəbi kimi fəaliyyətinə maneələr törtməsindən, 1964-cü ildə fəaliyyətini dayandırmasından, “yeni məktəb yaratmaq” ideyası ilə məktəbə qeyri-azərbaycanlı direktorun təyin edilməsindən və 1969-cu ildə Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyə gəlməsindən sonra bu məktəbin müstəqil fəaliyyətə başlamasından danışılır. Həmçinin ötən əsrin 80-ci illərinin sonlarından etibarən məktəbin yenidən qarşılaşdığı daha ağır günlərdən, habelə 2012-ci ildə Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məktəbin fəaliyyətinin bərpa olunmasından, bu ilin sentyabrında Xankəndidə məktəbin istifadəyə verilməsindən, eləcə də Qarabağ Universitetinin qapılarını tələbələrin üzünə açmasından bəhs olunur.
Əlimuxtar Muxtarov “Nizami Gəncəvinin yaradıcılığındakı multikulturalizm ideyası Şərq-Qərb mütəfəkkirlərinin fikirləri müstəvisində” isə vurğulayır ki, dahi şairimizə dünya səviyyəsində olan sevginin mənbəyi onun yaradıcılığının mərkəzində insan və insana münasibət konsepsiyasının dayanması olub.
Məqalədə Azərbaycanda Nizami Gəncəvinin 870 illik yubileyinin qeyd edilməsindən, 2012-ci ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis edilməsindən, Prezidentin himayəsi altında 2013-cü ildən etibarən Mərkəzin təşkilatçılığı ilə həyata keçirilən Qlobal Bakı forumlarının əhəmiyyətindən, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsindən danışılır. Həmçinin Şərqin və Qərbin böyük mütəfəkkirlərinin Nizami Gəncəvi ilə bağlı söylədikləri fikirlərdən, kəlamlardan bəhs olunur.