Arxa oturacaqda 4 nəfər əyləşə bilər? - AYDINLIQ GƏTİRİLDİ

19 Dekabr 2024 09:03 (UTC+04:00)

“Minik avtomobillərində nəzərdə tutulandan çox insanın daşınması sərnişindaşıma qaydalarının pozuntusu hesab edilir. Hal-hazırda nəqliyyat təhlükəsizliyi prinsipi müasir dövrdə nəqliyyat hüququnun əsas prinsiplərindən biri olmaqla sərnişinlərin daşınması üzrə subyektlərin nəqliyyat fəaliyyətində mühüm əhəmiyyət kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Fariz Əkbərov sözlərinə belə davam edib: “İstənilən təhlükəsizlik növünə xas olduğu kimi, sərnişin avtodaşınması (nəql edilməsi) ilə bağlı olan nəqliyyat təhlükəsizliyi üçün də ən əsas insan həyatının üstünlüyü məsələsidir.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, arxa oturacaqda ən çoxu 3 nəfərin otura biləcəyi nəqliyyat vasitələrində 4 və daha çox şəxsin oturması pozuntuya səbəb olur. Buna görə 100 manat məbləğində cərimə və 3 cərimə balı nəzərdə tutulub.

Burada əsas məsələ sərnişinlərin sayının nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş oturacaqlara uyğun olub-olmamasından gedir. Ola bilər ki, məsələn, hər hansı avtomobilin arxa oturacağına lap 5-6 nəfər yerləşə bilər, amma avtomobilin konstuksiyasında arxa oturacaqda maksimum 3 nəfər əyləşə bilər və orada 3 nəfərdən artıq şəxs əyləşməməlidir. Bundan başqa, arxada yer olmayanda ön oturacaqda 2 böyük insan əyləşir və elə bilirlər ki, bununla heç bir qayda pozuntusuna yol vermirlər.

Fərqi yoxdur, hər bir sərnişin avtomobilin ön və ya arxa oturacağında əyləşsin, əgər nəqliyyat vasitəsinin konstruksiyasında təhlükəsizlik kəməri varsa, həmin şəxs o kəmərdən istifadə etməlidir. İstər sürücü olsun, istərsə də sərnişin. Sürücünün öz məsuliyyəti var, sərnişinin də kəmər bağlamadan getdiyinə görə öz məsuliyyəti var”.

Ayşən Vəli