Bir neçə gün öncə Milli Məclisdə dövlət büdcəsi təsdiq olundu. Bu, Azərbaycan tarixinin ən böyük büdcəsidir. Həmin büdcənin xərclərinin əsas istiqamətlərindən biri məhz əhalinin sosial müdafiəsi və sosial təminat xərcləridir. Bu gün dövlət büdcəsində sosial sahə xərclərinin çəkisinin 43 faiz olması Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin məhz sosialyönümlü olduğunu bir daha sübut edir. Ümumiyyətlə, sosial müdafiə sistemində və onun əsas bir hissəsi olan səhiyyə xidmətinin də illik büdcəsinin artırılması onu göstərir ki, səhiyyə sisteminin davamlı inkişafı bu gün dövlətimizin əsas hədəflərindən biridir. SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov “Səhiyyə İdarəçiləri Zirvəsi 2024”ün açılış mərasimində deyib.
S.Məmmədov bildirib ki, bu il icbari tibbi sığorta çərçivəsində xidmətlərin sayındakı 21 faizlik artım, eyni zamanda, 2021-ci illə müqayisədə 2025-ci ilin səhiyyə büdcəsində 45 faizlik, yəni 621 milyon manatlıq artım bu sahəyə ildən-ilə daha çox önəm verildiyini göstərir. Eyni zamanda, 2024-cü illə müqayisə etsək, 2025-ci ilin də səhiyyə büdcəsi 7 faizdən çox, ümumi rəqəmdə 133 milyon manat artıb. Bütün bunlar onu göstərir ki, dövlətin həyata keçirdiyi sosial siyasət məhz insanların rifahının daha da yaxşılaşdırılması, əhalinin sağlamlığının yaxşılaşdırılması və səhiyyəmizin inkişafına xidmət edir.
Qeyd olunub ki, səhiyyə siyasətinin reallaşmasında qanunvericilik çərçivəsində həyata keçirilən işlər çox önəmlidir. Qanunvericilik orqanı olan Milli Məclisin Səhiyyə komitəsi tərəfindən davamlı olaraq lazımi tədbirlərin həyata keçirildiyini bildirən deputat deyib: “Səhiyyə büdcəsində dövlət proqramlarına ayrılan vəsait də 14 faiz artımla 300 milyon manatdan çox məbləği təşkil edir. Bu, onu göstərir ki, dövlət səhiyyə sahəsindəki prioritet problemlərə xüsusi önəm verir. Çox sevinirik ki, bir sıra dövlət proqramları artıq mütəmadi olaraq xidmətlər zərfinə daxil edilir. Nəticədə önəmli olan bir sıra digər problemlər dövlət proqramı kimi qəbul olunur. Əminəm ki, həmin tendensiya Xidmətlər Zərfinin davamlı inkişafına və dövlət büdcəsinin artımı fonunda səhiyyənin inkişafına gətirib çıxaracaq.
İstər koxlear implantasiya, istərsə də transplantasiya ilə bağlı olan bir sıra əməliyyatlar bu gün Xidmətlər Zərfinə daxil edilərək icbari tibbi sığorta çərçivəsində icra olunur. Bu, səhiyyənin inkişafının davamlılığının göstəricisidir”.