Bu il “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sərnişin daşımalarında rekord göstərici qeydə alınıb. SİA xəbər verir ki, səhmdar cəmiyyəti ötən il olduğu kimi bu il də nəzərdə tutulmuş hədəfi aşaraq il ərzində ilk dəfə 8 milyon sərnişin daşıyıb.
Xatırladaq ki, dəmir yolları ilə ölkə daxilində daşınmış sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə isə 7,1 milyon nəfər təşkil edib.
Bu il yeni “Stadler” qatarlarının istismara verilməsi nəticəsində Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin gün ərzində 2 dəfə artırılması, Ləki və Ucara dayanacaq verilməsi, həftəsonları və bayram günlərində rayonlararası istiqamətlərə əlavə reyslərin təyin olunması, həmçinin Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkət qrafikinin optimallaşdırılması bu il sərnişindaşımada rekord göstəricinin yenilənməsinə imkan yaradıb.
ADY-nin Sərnişin daşımaları departamentinin nümayəndələri 8 milyonuncu sərnişin olan 4 yaşlı Dəniz Məmmədlini və valideyni Aydan Məmmədlini təbrik edərək rayonlararası istiqamətlərə birinci sinif üzrə gediş-dönüş bileti və xatirə hədiyyələri təqdim ediblər.
A.Məmmədli xüsusi diqqətə görə təşəkkür edərək ADY-nin sürətli sərnişin qatarları ilə daim səfər etdiklərini və rahat, təhlükəsiz səyahətdən zövq aldıqlarını bildirib.