Naxçıvanda Maliyyə Forumu keçirilir - FOTOLAR

18 Dekabr 2024 12:46 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş Maliyyə Forumu keçirilir. SİA xəbər verir ki, forum iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.

Forumda öncə Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Forumda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azər Bayramov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmi şəxslər, muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri, iri sahibkarlıq subyektlərinin rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri iştirak edirlər.

Qeyd edək ki, Maliyyə Forumunun əsas məqsədi mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması, vergi münasibətlərinin səmərəliliyinin artırılmasının konkret aspektlərinin vacibliyini nəzərə alaraq bu sahədə maarifləndirmə və məlumatlandırmadan ibarətdir.