“Neftçi” İdman Klubunun güləş zalı yenidən istifadəyə verilib

18 Dekabr 2024 10:14 (UTC+04:00)

“Neftçi” İdman Klubunun güləş zalı yenidən istifadəyə verilib. SİA Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən xəbər verir ki, klubun Lökbatan qəsəbəsində yerləşən yunan-Roma güləşi zalı əsaslı təmir olunub və fəaliyyətini bərpa edib.

AGF tərəfindən inventarla təmin edilmiş zalla tanışlıq olub.

AGF-nin İcraiyyə Komitəsinin üzvü, olimpiya çempionu Namiq Abdullayev, sərbəst güləş üzrə U-20 millinin böyük məşqçisi Arif Abdullayev, yunan-Roma güləşi üzrə millinin böyük məşqçisi Rövşən Bayramov və sərbəst güləş üzrə U-17 millinin böyük məşqçisi Əsgərxan Novruzov çıxış edərək burada yaradılmış şəraiti yüksək qiymətləndiriblər və gələcəkdə bu zalda çempionların yetişməsini arzulayıblar.

Qeyd edək ki, bu bölmədə məşqçi Xəyyam Abdullayevin rəhbərliyi altında 25-ə yaxın idmançı yunan-Roma güləşi ilə məşğuldur. Gələcəkdə “Neftçi” İdman Klubunun eyni məkanda yerləşən sərbəst güləş zalının da əsaslı təmiri planlaşdırılır.